Bir neçə gün əvvəl Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Rüfət oğlu Hüseynzadəyə işində yol verdiyi ciddi nöqsanlara görə, şiddətli töhmət verilməsi cəmiyyətdə icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirdi.
Bu hadisə mövcud idarəetmə modelinin effektivliyi və perspektivləri barədə sualları aktuallaşdırmaqla yanaşı, ölkədə aparılan islahatların zəruriliyini də ön plana çıxardı.
Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan 14 yeni iqtisadi rayon isə idarəetmə sistemində modernləşmənin əsas mərhələlərindən biri kimi qiymətləndirilir. Bu addım həm regional inkişafın daha səmərəli təşkili, həm də dövlət idarəçiliyinin müasir tələblərə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı News24.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli hesab edir ki, mövcud icra hakimiyyəti institutu artıq tarixi funksiyasını tamamlayıb və müasir dövrün çağırışlarına cavab vermir:
“Əslində, bu qurum sovet dövründən miras qalmış “birinci katib” institutunun dəyişdirilmiş formasıdır. Müstəqillik əldə edildikdən sonra sadəcə adı dəyişdirildi, lakin məzmun eyni qaldı. Ona görə də bu strukturun ləğvi qaçılmazdır”.
İqtisadçının fikrincə, belə bir dəyişiklik sadəcə qanun dəyişikliyi ilə mümkün deyil, daha genişmiqyaslı hüquqi islahatlar tələb edir:
“İcra hakimiyyətlərinin ləğvi Konstitusiya dəyişikliyini şərtləndirir. Bu məqsədlə referendum keçirilməli və yeni idarəetmə modeli hüquqi əsaslarla təsbit olunmalıdır. Azərbaycanın inkişaf strategiyasına uyğun, çevik və şəffaf idarəetməni təmin edəcək yeni Konstitusiyanın qəbulu vacibdir”.
N. Cəfərli əlavə edib ki, yaxın gələcəkdə bu məsələ ictimai və siyasi müzakirələrin əsas mövzularından birinə çevriləcək:
“İcra hakimiyyətlərinin ləğvi, Prezidentin şəxsi nümayəndəlikləri institutunun Konstitusiyaya daxil edilməsi, yerli özünüidarəetmə strukturlarının səlahiyyətlərinin artırılması, bələdiyyələrin birləşdirilməsi və mer seçkilərinin keçirilməsi ölkənin gündəliyinə daxil olacaq. Bu addımlar atılmadan idarəetmə sisteminin tam modernləşdirilməsi mümkün deyil”.
Ekspertin sözlərinə görə, Prezidentin şəxsi nümayəndəlikləri institutu artıq özünü doğrultduğunu sübut edib, lakin icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı ciddi problemlər qalmaqdadır:
“Son illərdə bir çox icra başçısının korrupsiya ittihamı ilə həbs olunması və bəzilərinin işdən azad edilməsi bu institutun köhnəldiyini və yararsız olduğunu göstərir. Əksinə, Prezidentin şəxsi nümayəndəlikləri daha şəffaf və effektiv idarəetmə mexanizmi kimi özünü təsdiqləyib. Buna görə də dəyişiklik labüddür”.
Aqil Qarayev