Hərtərəfli münasibətlərin inkişafı üçün böyük perspektiv mövcuddur
Yeni siyasi-iqtisadi nizamın yaradıcı və istiqamətləndirici komponentləri arasında bərabərtərəfli əməkdaşlıq, beynəlxalq hüquqa hörmət, qlobal təhlükəsizliyin təmininə töhfə, regional maraqların müdafiəsi kimi aparıcı ünsürlər xüsusi əhəmiyyət daşıyır. Dövlətlər və təşkilatlar üçün strateji əməkdaşlıq düsturu sayılacaq bu tezislər bütövlükdə geosiyasi mənzərəni aydınlığa qovuşdurur: formalaşan yeni reallıqların “siyasi premyerası” qismində qəbul edilən əməkdaşlıqlar qısa zaman kəsiyində qurulmuş ikitərəfli əlaqələrə çevrilir və özlüyündə yeni nizamın mühüm bir parçası kimi qəbul olunur. Bu münasibətlər isə paralel olaraq həm siyasi, həm də iqtisadi meyarları ən üst səviyyəyə qaldırır. Azərbaycan-Çin münasibətləri də məhz bu kontekstdə tənzimlənir. Yeri gəlmişkən, avqustun 31-də Çinin Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub.
Çinin böyük dostu...
İki ölkə arasında son illərdə siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri genişlənir - üst-üstə düşən maraqlar, uzlaşan mövqelər yaxın təmaslar və xüsusilə də dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayıb. İki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və cənab İlham Əliyevi Çinin böyük dostu adlandırıb. Beləliklə, dinamik və işgüzar xarakter daşıyan bu əlaqələr yeni mərhələdə yeni müstəviyə qədəm qoyur. Eyni zamanda, dövlət başçılarının üzbəüz görüşləri, telefon danışıqları, məktub mübadiləsi, beynəlxalq tədbirlərdəki təmaslar əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır.
Avqustun 31-də baş tutan görüşdə də Prezident İlham Əliyevi “mənim əziz dostum” deyərək salamlayan Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlətimizin başçısına onun dəvətini qəbul edərək “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürünü bildirib.
“Bir kəmər, bir yol” əməkdaşlığın vacib amili kimi...
Müasir Çin - Azərbaycan əlaqələrinin komponentləri hazırkı dövrün siyasi-iqtisadi aktuallığı ilə yanaşı, həm də gələcək perspektivi də özündə cəmləyir. Bu ilin aprelində iki ölkə arasında imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat bu əməkdaşlığın istiqamətlərini tam şəkildə özündə əks etdirir. Orta Dəhlizin inkişafına xüsusi həssaslıqla yanaşan Çinin Azərbaycana münasibətdə strateji tərəfdaş yanaşması ölkəmizə həm siyasi, həm də iqtisadi üstünlüklər vəd edir. Nəzərə alaq ki, Çinin “Bir kəmər bir yol” iqtisadi ideyasının real təcəssümlərindən olan Orta Dəhliz və yeni Zəngəzur dəhlizi (TRİPP) həm də geostrateji səciyyə daşıyır - bu dəhliz Çin və Mərkəzi Asiya məhsullarının ən qısa marşrut vasitəsilə operativ və effektiv olaraq Avropaya daşınmasına imkan yaradır. Mərkəzi Asiyadan Avropaya qədər uzanan geosiyasi məkanda çoxvektorlu qarşılıqlı-faydalı əməkdaşlıq münasibətləri formalaşdırmaqda maraqlı olan Çin Azərbaycana yanaşmasını ortaya qoymaqla bu layihədəki tərəfdaşını dünyaya nümayiş etdirir.
İki prezident arasında keçirilən görüşdə Çin lideri ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini vurğulayıb. Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd edib, bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxunub.
Prezident İlham Əliyev ölkələrimiz arasındakı ticarət münasibətlərində əsaslı artımın müşahidə olunduğunu deyib. Dövlətimizin başçısı “Bir kəmər, bir yol” layihəsinə toxunaraq, onun vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirib.
Sülh gündəliyi dəstəklənir...
Görüşdə Si Cinpin Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində birbaşa dialoqun əhəmiyyətini qeyd edib. Həmçinin Çin Xalq Respublikasının Sədri ölkəmizin suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini deyib, Çinin başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu vurğulayıb. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh gündəliyi üzrə danışıqların ikitərəfli əsasda aparıldığını deyib, artıq iki ölkə arasında sülhün bərqərar olduğunu vurğulayıb.
Bəli, sülh gündəliyi, Azərbaycanın bölgədə yaratdığı yeni siyasi-hərbi reallıqlar, təhlükəsizlik arxitekturası mühüm bir coğrafiyada yeni münasibətlər sistemi formalaşdırıb. Paralel olaraq hər iki ölkə biri-birinin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Qeyd edək ki, “Tayvan problemi” uzun illərdir ki, davam edir və məsələ ilə bağlı Azərbaycanın mövqeyi birmənalıdır. Azərbaycan hər zaman “vahid Çin” siyasətini dəstəkləyib. Görüşdə də bu məqam xususi vurğulanıb. Dövlətimizin başçısı Azərbaycanın Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu qeyd edib.
Azərbaycan-ŞƏT əlaqələri yeni mərhələdə...
Çinlə əlaqələrimizin inkişafı fonunda Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələri də mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, ŞƏT-in regional və qlobal səviyyədə böyük perspektiv vəd etməsi, geniş iqtisadi potensial, siyasi dividendlər amili, həmçinin qurumun prinsiplərinin, məqsədlərinin Azərbaycanın gündəliyinin bir çox məsələləri üst-üstə düşməsi ölkəmizin maraqları ilə uzlaşır. Paralel olaraq Azərbaycan qurumda təmsil olunan əksər dövlətlər ilə ikitərəfli platformada əlaqələrə malikdir. Artıq illərdir ki, Azərbaycan ŞƏT-in Zirvə toplantılarında, sammitlərində iştirak edir. 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in Zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumu təsdiqləyib. Ölkəmiz, eyni zamanda, bir neçə il öncə təşkilatdakı statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün ŞƏT-in Katibliyinə rəsmən müraciət edib. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə Çin lideri bildirib ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsini dəstəkləyir.
Yeri gəlmişkən, Çinin Tiencin şəhərində keçirilən sammitin yekun bəyannaməsində “ŞƏT tərəfdaşı” adlı vahid statusun yaradılmasına qərar verilib. Bildirilib ki, üzv dövlətlər “müşahidəçi” və “dialoq tərəfdaşı” statuslarını birləşdirərək “ŞƏT tərəfdaşı” statusunu təsis ediblər.
Turizm sahəsi üzrə əməkdaşlıq...
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəklədiyi məmnunluqla qeyd edildi. Vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsindən sonra son dövrlərdə turizm sahəsində əlaqələrin inkişaf etdiyi vurğulanıb. Söhbət zamanı Azərbaycanla Çin arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
Çin Cənubi Qafqazın ən güclü aktoru olan, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla bütün istiqamətlər üzrə əməkdaşlığa xüsusi önəm verir. Çinin ölkəmizə qarşı yanaşmasında sərgilədyi əməkdaşlıq mövqeyi dövlətimizin regional lider statusu ilə uzlaşır. Azərbaycan dünyaya açıq bir ölkədir - biz bərabərhüquqlu tərəfdaşlığı, investisiya mühitinin inkişafını, cəmiyyətlərarası inteqrasiyanı gücləndirməyi təşfiq edirik və bu yöndə addımlar atırıq. Bir müddət öncə Azərbaycan Çin vətəndaşlarını viza almaq tələbindən azad edib - bu ilin iyulundan isə Pekində aprelin 23-də imzalanmış “Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” qüvvəyə minib.
Pərviz SADAYOĞLU