Dövlət Statistika Komitəsinin məlumatına görə, son yarım ildə Azərbaycana 22 min tona yaxın palma yağı idxal edilib. Bu göstərici ölkəyə gətirilən yağ məhsulları arasında ən yüksək rəqəmlərdən biridir.
Ucuzluğu və istehsalda geniş istifadə imkanlarına görə palma yağı qida sənayesində üstünlük təşkil etsə də, sağlamlığa mənfi təsirləri ilə bağlı mübahisələr uzun illərdir gündəmdən düşmür. Mütəxəssislər bildirirlər ki, bu yağın həddən artıq istifadəsi ürək-damar xəstəlikləri, piylənmə və digər problemlərə səbəb ola bilər.
Bəs nəyə görə bu yağ Azərbaycanda bu qədər geniş istifadə olunur?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov News24.az-a açıqlamasında bildirib ki, palma yağı iki növdə istehsal olunur:
“Biri onun meyvəsinin lətindən hazırlanır, digəri isə çəyirdəyindən alınır. Meyvədən əldə edilən palma yağı qida üçün nisbətən normal sayılır. Çəyirdəkdən hazırlanan yağ isə əsasən parfumeriya və texniki sahələrdə istifadə edilməlidir”.
E. Hüseynov əlavə edib ki, MDB və Avropa ölkələrində palma yağının qida məhsullarına qatılmasına qarşı ciddi basqılar mövcuddur:
“Bəzi ölkələrdə palma yağı açıq satılır. Amma müsəlman ölkələrində istehsal olunan bu məhsul dünya bazarına daxil olduqda duru yağ bazarında balansı pozur. Təəssüf ki, Azərbaycana gətirilən palma yağlarının hansı məhsullara qarışdırıldığı açıqlanmır. Bu məsələyə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aydınlıq gətirməlidir”.
Onun sözlərinə görə, xüsusən texniki məqsədlə gətirilən palma yağının ərzağa qatılması yolverilməzdir:
“Əgər texniki palma yağı qida istehsalında istifadə olunursa, bu, insan sağlamlığı üçün böyük təhlükədir. Palma yağının Azərbaycanda geniş yayılmasının əsas səbəbi isə qiymətinin digər bitki yağlarından xeyli ucuz olması, istehsalda rahat tətbiqi və məhsulların rəngini, dadını və formasını uzun müddət saxlama qabiliyyətidir”.
Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi News24.az-ın sorğusuna cavab olaraq bildirib ki, Kollegiyanın “Bitki adı ilə adlandırılan yağlara dair minimum keyfiyyət və təhlükəsizlik tələbləri”nə əsasən, palma yağı dedikdə palma meyvəsinin (Elaeis guineensis) lətli hissəsindən (mezokarp) əldə edilən yağ nəzərdə tutulur.
Qeyd olunub ki, palma meyvəsinin çəyirdəyindən alınan yağ isə “palma çəyirdəyi yağı” adlanır:
“Qida təhlükəsizliyi haqqında” qanuna görə, məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün başadüşülən formada aparılmalıdır. Palma yağı və digər bitki yağlarının etiket üzərində göstərilən adları da bu tələblərə uyğun olmalıdır”.
Agentlik əlavə edib ki, vətəndaşlarda istehlak etdikləri məhsullarla bağlı şübhə yarandıqda və ya qanunazidd hallar müşahidə olunduqda, bununla bağlı faktlarla AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. Müraciətlər dərhal araşdırılacaq və qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Aqil Qarayev