AZ

“Fənərbağça” ilə “Qalatasaray”ı qarşı-qarşıya gətirən transfer - Ederson, yoxsa Uğurcan?..

BAKI, 2 sentyabr. TELEQRAF

Türkiyənin “Fənərbağça” klubunun ulduz qapıçı Edersonu transfer etməsi gündəmi silkələyib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, “Mançester Siti”nin braziliyalı qapıçısı ailəsi ilə birlikdə İstanbula gəlib.

Xüsusi təyyarə ilə İstanbula uçan EdersonSanatana di Moraes üçün “sarı-lacivərdlilər” 14+1 milyon avrosundan (bonus daxil) keçib. 2017-ci ildə “Benfika”dan “Mançester Siti”yə transfer olunan tanınmış futbolçunun titullarını saymaqla bitmir. O, bütün turnirlər üzrə 372 oyunda iştirak edib, altı Premyer Liqa çempionluğu qazanıb, həmçinin Çempionlar Liqası da daxil olmaqla bir neçə kuboku başı üzərinə qaldırıb.

Maraqlısı odur ki, Edersonla “Qalatasaray” da maraqlanırdı. Lakin “sarı-qırmızılar” maksimum 10 milyon avro ödəmək istədikləri üçün transfer baş tutmadı. “Qalatasaray” bu transferə cavab olaraq “Trabzonspor”un qapıçısı Uğurcan Çakırı heyətinə qatdı.

Razılaşmaya əsasən, “sarı-qırmızılar” müqavilə sonucu üçün ƏDV də daxil olmaqla 33 milyon avro zəmanətli ödəniş və 3 milyon avro bonus olmaqla, ümumilikdə 36 milyon avro ödəyəcək. Futbolçu ilə 5 illik müqavilə imzalanıb. Müqavilə 2029/2030 mövsümünün sonunadək qüvvədə olacaq. 110 mindən başlayaraq hər mövsüm üçün 29 yaşlı qolkiper 10 min avro artıq maaş alacaq.

Uğurcan Çakır “Trabzonspor” forması ilə çıxış etdiyi 43 rəsmi oyunda 52 qol buraxıb və 18 oyunu qolsuz başa vurub.

“Qalatasaray” və “Fənərbağça”nın cari mövsüm avrokuboklara startı da fərqli olub. “Qalatasaray” UEFA Çempionlar Liqasının Liqa mərhələsində çıxış edərək azarkeşlərin gözləntisini doğrultdu. İstanbul klubu “Liverpul”, “Mançester Siti”, “Atletiko” (Madrid), “Ayntraxt”, “Bodo Qlimt”, “Ayaks”, “Yunion” və “Monako” klubları ilə qarşılaşacaq.

“Fənərbağça” isə Avropa Liqasında Portuqaliyada “Benfika” səddini keçə bilmədi. İstanbulda keçirilən ilk oyun qolsuz heç-heçə ilə başa çatmasına baxmayaraq, səfərdə komandanın yeni transfer etdiyi, həmin vaxt rəqib futbolçu olan Kərəm Aktürkoğlunun kornerindən Antonio Silvanın vurduğu qol nəticəsində turnirdən kənarda qaldı.

“Sarı-lacivərdlilər” Avropa Liqasında İngiltərənin “Aston Villa”, Macarıstanın “Ferensvaroş”, Çexiyanın “Viktoriya” (Plzen), Fransanın “Nitsa”, Rumıniyanın FKSB, Almaniyanın “Ştutqart”, Norveçin “Brann” və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandaları ilə qarşılaşacaq.

Transfer yarışı aparan Türkiyə nəhənglərinin klub dəyərləri də kifayət qədər böyükdür. “Qalatasaray”ın heyətinin ümumi dəyəri 311,28 milyon, “Fənərbağça”nın isə 266,85 milyon avrodur.

Seçilən
8
teleqraf.com

1Mənbələr