AZ

ŞƏT niyə Azərbaycan üçün əlverişli platformadır? - AÇIQLAMA

"Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti həm əhatəliyinə, həm də qəbul etdiyi qərarlara görə mühüm sayılır. Sammitə 10 üzv ölkədən başqa 15 tərəfdaş ölkənin dövlət və hökumət başçıları qatılıb. Son 30 ildə ilk dəfədir bu sayda Asiya, Yaxın Şərq, Afrika ölkələri bir araya gəlirlər. Sammitin siyasi tərəfləri kifayət qədər genişdir".

Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib. 

Onun sözlərinə görə, sammit ABŞ-nın bir çox üzv ölkələrə ciddi iqtisadi təzyiqləri fonunda keçirilir: 

"Yəni bu şəraitdə yeni iqtisadi imkanların tapılması xüsusi maraq kəsb edir. ŞƏT üzvlərinin iqtisadi gücü və imkanları kifayət qədər böyükdür. Belə ki, təşkilat iştirakçılarının məcmu ÜDM-i 26 trln dollar təşkil edir ki, bu da qlobal ÜDM-in 30%-i deməkdir. Təşkilat üzvlərinin əhalisi 3.3 mlrd nəfər təşkil edir ki, bu da planetin əhalisinin 41%-dir. Bundan başqa, təşkilat üzvləri dünya karbohidrogen ehtiyatlarının 41%-nə, elmi patentlərin 30%-nə və nadir elementlərin ixracının 45%-nə sahibdirlər".

Millət vəkili sammitdə mühüm iqtisadi planlar elan edildiyini bildirib: "İlk dəfə olaraq ŞƏT İnkişaf Bankının yaradılması təklifi bəyənildi. Bu, Beynəlxalq Valyuta Fondu və Dünya Bankına alternativ struktur kimi formalaşacaq: 

“Böyük Avrasiya” iqtisadi layihəsinin başlanılması elan edildi. Layihə çərçivəsində infrastruktur, enerji və hərbi sahədə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Bu layihə 2035-ci ilə qədər 7-9 trln dollarlıq iqtisadi effekt yarada biləcək. Mühüm məsələlərdən biri ilk dəfə olaraq Avrasiya Reytinq Agentliyinin yaradılmasının bəyan edilməsidir. Agentlik Moody’s, S&P и Fitch -dən fərqli metodologiya ilə ölkələrin və şirkətlərin kredit qabiliyyətini qiymətləndirəcəkdir. Yəni, göründüyü kimi, bu sahələrdə uzun illərdir dominant olan Qərb strukturlarına alternativ Şərq strukturları formalaşmaqdadır".

Deputat qeyd edib ki, Azərbaycan 2016-cı ildə ŞƏT-nin dialoq üzrə tərəfdaşı statusuna malikdir: "Keçən dövrdə Azərbaycan ardıcıl olaraq təşkilat üzvləri ilə iqtisadi əməkdaşlığı gücləndirib. Təkçə keçən il Azərbaycanın ŞƏT üzv ölkələrə ixracı 8.3 mlrd dollar təşkil edib ki, bu da əvvəlki il ilə müqayisədə 27%-lik artım deməkdir. Çinlə ticarət həcmi rekord həcmi  - 3.1 mlrd dolları keçib.

Eyni zamanda Azəbaycan TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas həlqəsidir. Təkcə bu ilin 6 ayında sözügedən marşrut ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi 4.2 mln tonu keçib.

Nəzərə alsaq ki, ŞƏT-nın hazırkı 10 üzvündən 3-cü Türk Dövlətləri Təşkilatının üzvü, 1-i qardaş Pakistan, digərləri isə ölkəmizin sıx iqtisadi partnyorlarıdır – o zaman, bu təşkilatı Azərbaycanın Şərqdə iqtisadi maraqlarının təmin olunması üçün əlverişli platforma hesab etmək olar".

Xeyrənsə Piriyeva


Seçilən
62
10
news24.az

10Mənbələr