Çində keçirilən danışıqlarda Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin Ukraynada Çin sülhməramlı qüvvələrinin yerləşdirilməsi ideyasını müzakirə etməyiblər.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakov Rusiyanın Birinci Kanalına müsahibəsində "Bu barədə ümumiyyətlə heç bir müzakirə olmayıb" deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya tərəfi 2022-ci ilin yazında İstanbulda razılaşdırılmış plana uyğun olaraq Ukrayna üçün təhlükəsizlik zəmanətlərini verməyə razıdır: BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin (o cümlədən Rusiyanın özünün və Çinin) iştirakı ilə. Bəzi mənbələr Çin sülhməramlılarının Ukraynada yerləşdirilməsi ideyasını ABŞ prezidenti Donald Trampın da dəstəklədiyini bildirib.
Eyni zamanda, Ukrayna tərəfi Çinin təhlükəsizlik qarantları siyahısına daxil edilməsinin əleyhinədir.