Azərbaycanın Çinlə əlaqələrinin sürətlə inkişafı ölkəmizi yalnız Avropa ilə Asiya arasında strateji qovşaq halına gətirmir, eyni zamanda Türk Dövlətləri və Qafqaz ölkələrinin iqtisadi dirçəlişinə də mühüm dəstək verir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasətin nəticəsidir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının rəhbəri Ayxan Qədəşov "İki sahil"ə bildirib ki, Prezidentin son bir ildə Çinə bir neçə dəfə səfər etməsi Azərbaycanın regionda artan nüfuzunun və qlobal miqyasda siyasi-iqtisadi proseslərdə fəal iştirakının bariz göstəricisidir.
Xüsusilə, 2024-cü ilin iyulunda Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısında imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ölkəmizi Asiyada etibarlı tərəfdaş kimi tanıtdı. Ardınca 2025-ci ilin aprelində dövlət səfəri çərçivəsində rəqəmsal iqtisadiyyat, yaşıl enerji, kosmik tədqiqatlar, əqli mülkiyyət kimi strateji sahələri əhatə edən sənədlərin imzalanması gələcək onilliklər üçün güclü təməl yaratdı.
Portal rəhbəri qeyd edir ki, bu səfərlərin təkcə diplomatik deyil, həm də simvolik məna daşıması diqqətçəkəndir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Tiencindən Pekinə qatarla səfəri, Çin xalqının İkinci Dünya müharibəsində qələbəsinin 80-ci ildönümündə yüksək səviyyədə iştirakı Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirməklə yanaşı, tarixi yaddaşla müasir geosiyasət arasında körpü funksiyasını nümayiş etdirdi. Bu, Azərbaycanın sülh, təhlükəsizlik və beynəlxalq həmrəyliyə verdiyi töhfənin simvolik ifadəsi oldu.
Azərbaycanın Çinə ixracının son illərdə sürətli artımı yalnız rəqəmlərdə deyil, həm də struktur dəyişikliklərində özünü göstərir. Əgər bir neçə il öncə ixrac əsasən xammal yönümlü idisə, bu gün Çin bazarına çıxarılan məhsulların çeşidində emal olunmuş və əlavə dəyər yaradan mallar da yer alır. Belə ki, hazırda Çinə göndərilən məhsullar arasında ətir və əczaçılıq sənayesində istifadə olunan bitkilər, pambıq tiftiyi və tibbi təyinatlı tekstil materialları, çörək-bulka və unlu qənnadı məmulatları, müxtəlif meyvə cemləri, mürəbbələr, şirələr və üzüm şərabları diqqət çəkir. Bununla yanaşı, polietilen və plastik məmulatlar, gön-dəri və ondan hazırlanan məhsullar da ixracda mühüm paya malikdir. Trikotaj geyimlər, kompressiyaedici corablar və qadın geyim dəstləri kimi tekstil məhsullarının Çin bazarına çıxarılması isə göstərir ki, Azərbaycan artıq emal sənayesinin məhsullarını da uğurla ixrac etməyə başlayıb.
Statistik göstəricilər də bu tendensiyanı təsdiqləyir. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Çin ilə ticarət dövriyyəsi 26,78 faiz artaraq 2,5 milyard dolları ötüb. Təqribən 528,5 milyon dollarlıq artım onu sübut edir ki, Azərbaycan artıq ticarət əlaqələrində stabillik mərhələsindən genişlənmə mərhələsinə keçib.
Ən diqqətçəkən məqamlardan biri isə ixrac göstəricisidir. Belə ki, 2025-ci ilin ilk yeddi ayında Azərbaycanın Çinə ixracı 53,2 milyon dollara çataraq 4,6 dəfə artıb. Həcm hələlik böyük olmasa da, artımın tempi son dərəcə əhəmiyyətlidir və Azərbaycanın Çin bazarında möhkəmlənməkdə olduğunu göstərir. Burada xüsusilə kənd təsərrüfatı məhsulları, ərzaq və emal olunmuş mallar əsas istiqamət kimi önə çıxır. Bundan əlavə, Çin ilə ticarətin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 8,68 faizə yüksəlib ki, bu da bir ildə 1,34 faiz artım deməkdir. Bu tendensiya göstərir ki, Çin qısa müddət ərzində Azərbaycanın ən iri ticarət tərəfdaşlarından birinə çevrilməkdədir.
Ayxan Qədəşov vurğulayır ki, nəqliyyat və logistika sahəsində “Orta Dəhliz” artıq əsas gündəm mövzularından birinə çevrilib. Azərbaycan ərazisindən keçən bu marşrut üzrə yükdaşımaların həcmi son ildə 80 faizdən çox artıb. Bu göstərici ölkəmizin coğrafi üstünlüyünü strateji layihələrlə möhkəmləndirdiyini və Avropa ilə Asiya arasında ən etibarlı tranzit mərkəzinə çevrildiyini təsdiqləyir.
Məsələ təkcə iqtisadi fayda ilə yekunlaşmır. Azərbaycan bu gün regionda yeni geosiyasi reallığın formalaşmasında aparıcı rol oynayır. Həm Türk dünyası, həm də Qafqaz ölkələri üçün siyasi və iqtisadi körpü funksiyasını yerinə yetirən ölkəmiz Avropa və Asiya ilə inteqrasiyada mühüm təşəbbüskar kimi çıxış edir.
Beləliklə, Prezident İlham Əliyevin Çinə ardıcıl səfərləri təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycan diplomatiyasının uğurlu modelinə işıq salır. Bu siyasət gələcəkdə sağlam tərəfdaşlıqların möhkəmlənməsinə, regionun inteqrasiyasına və bütövlükdə inkişafın təmin edilməsinə xidmət edir. Azərbaycan artıq bütün regionun tərəqqisinə yön verən, siyasi və iqtisadi lokomotiv rolunu qətiyyətlə öz üzərinə götürüb.