AZ

Rəcəb Fərəczadə: "Çempionlar Liqasında ən azı yarımfinalda oynamağı hədəfləmişik"

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Aznur" komandası ən azı yarımfinalda oynamağı hədəfləyib.

İdman.biz xəbər verir ki, bunu "Report"a komandanın baş məşqçisi Rəcəb Fərəczadə deyib.

Mütəxəssis qrupdakı rəqiblərlə bağlı hələ ki, heç bir məlumata malik olmadıqlarını bildirib: "Hədəfimiz bacardığımız qədər irəli getməkdir. Ciddi hazırlaşırıq. Ötən il 1/8 finala qədər irəliləmişdik. Bu il ən azı yarımfinalda oynamaq niyyətindəyik. Qrupdakı rəqiblərimizə gəlincə, tam məlumata malik deyilik. Ancaq təmsil etdikləri ölkələrə əsasən deyə bilərəm ki, zəif deyillər. Püşkatma dünən olub. Bu gündən məlumat toplamağa çalışacağam. Rəqiblər haqqında lazımi məlumata malik olmadığıma görə şansları dəyərləndirə bilmirəm. Hər halda, yarışa gəzmək üçün getməyəcəyik, hədəfimiz var. Hazırlıq prosesinə gəlincə, məşqləri davam etdiririk. "Zirə" və "Birbaşa Bakı" ilə yoxlama görüşləri keçirməyi planlaşdırmışıq".

O, çətin qrupa düşdüklərini söyləyib: "Çempionlar Liqasında "Birbaşa Bakı" və bizim qrup çox çətindir. "Zirə"yə nisbətən asan rəqiblər düşüb. Önəmli olan mental və fiziki hazırlıqdır. Çünki hər gün oyun olacaq. Hətta qrupdan çıxsaq, bir gündə səhər və axşam olmaqla iki oyun keçirəcəyik. Əlbəttə, qrafik oyunumuza təsir göstərə bilər. Elə etməliyik ki, futbolçulrın üzərinə eyni səviyyədə güc düşsün və yorğun olmasınlar. İstənilən halda əsas hədəf qrupdan çıxmaqdır".

Qeyd edək ki, Çempionlar Liqasında "Aznur" komandası G qrupunda "Almatı" (Qazaxıstan), "Ovyedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) kollektivləri ilə mübarizə aparacaq.

Yarış sentyabrın 17-dən 21-nə qədər Bolqarıstanın paytaxtı Sofiyadakı Boyana Futbol Mərkəzində təşkil olunacaq.

İdman.biz

Seçilən
19
1
idman.biz

2Mənbələr