BAKI, 2 sentyabr. TELEQRAF
"İstəklilər Koalisiyası" sentyabrın 4-də Kiyevə gələcək dəstək və Ukraynaya təhlükəsizlik təminatı məsələlərini müzakirə edəcək.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts bildirib.
"Biz bu cümə axşamı səhər videokonfrans vasitəsilə "İstəklilər Koalisiyası"nı yenidən toplayacağıq. Keçən həftə Tulonda Fransa Prezidenti Emmanuel Makron, həmçinin ingilislərlə bu həftə başqa bir videokonfrans keçirmək barədə razılığa gəldim. O həmçinin Ukraynaya əlavə yardım məsələsini də həll edəcək", - Merts İsveçrə Prezidenti Karin Keller ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Kansler təhlükəsizlik təminatı məsələsinə də baxılacağını qeyd edib.
Mertsin sözlərinə görə, təhlükəsizliyin ən mühüm təminatı Ukrayna ordusuna kifayət qədər dəstək göstərilməsidir.
"Biz bunu davam etdirmək niyyətindəyik. Hətta mümkün atəşkəs və sülh danışıqlarından sonra da bunu davam etdirməliyik. Ukrayna uzunmüddətli perspektivdə özünü müdafiə edə bilməlidir", - Almaniya Kansleri bildirib.