AZ

İstanbulda qlobal iqlim məsələləri müzakirə olunub

İstanbulda BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və TÜBİTAK-ın tərəfdaşlığı ilə “Cleantech Days”-Qlobal Təmiz Texnologiya İnnovasiya Proqramının (GCIP) illik qlobal forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən təmiz texnologiya sahibkarlarını, yüksəkvəzifəli şəxsləri, innovatorları və ekspertləri bir araya gətirən tədbir təmiz texnologiya innovasiyalarının inkişafı, sahibkarlığın dəstəklənməsi və yaşıl iqtisadiyyatların təşviqi məsələlərini müzakirə etmək məqsədi daşıyıb.

Tədbirdə Azərbaycanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov təmsil edib.

Forum çərçivəsində “Regional əməkdaşlıq vasitəsilə yaşıl innovasiyanın irəlilədilməsi: Türk Dövlətləri Təşkilatının (TDT) rolu” mövzusunda panel iclası keçirilib.

UNIDO-nun Türkiyədəki daimi nümayəndəsi Süleyman Yılmazın moderatorluğu ilə keçirilən paneldə TDT-nin Baş katibi Kubaniçbek Ömüralıyev, UNIDO-nun Baş direktorunun müavini, texniki əməkdaşlıq və davamlı sənaye inkişafı üzrə direktoru Ciyong Zou, TÜBİTAK-TEYDEB-in prezidenti Mehmet Aslan və Türkiyənin Xarici İşlər Nazirliyinin beynəlxalq iqtisadi əlaqələr üzrə Baş direktoru Aylin Sekizkök iştirak ediblər.

Panelin çıxışçıları arasında Rəşad Xalıqovla yanaşı, Qazaxıstanın ekologiya və təbii sərvətlər nazirinin müavini Nurlan Kurmalaev, Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin idarə rəhbəri Kezban Akkurt, TÜBİTAK-TEYDEB-in sədr müavini Alp Eren Yurtseven, Özbəkistanın İnnovativ İnkişaf Agentliyinin direktorunun müşaviri Timur Azamov yer alıb.

TDT-nin Baş katibi çıxışında təşkilatın davamlı inkişafın və yaşıl texnologiyaların irəlilədilməsinə sadiqliyini bir daha təsdiqləyib. O, 2024-cü ilin noyabrında imzalanmış TDT–UNIDO Birgə Bəyanatını təmiz enerji, dairəvi iqtisadiyyat, KOB-ların dəstəklənməsi və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın gücləndirilməsi üçün mühüm mərhələ kimi qiymətləndirib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədən olan nümayəndələrin iştirakını xüsusi vurğulayıb.

Kubaniçbek Ömüralıyev Türk dünyasının həm qlobal iqlim fəaliyyətinə töhfə verən, həm də təmiz innovasiya mərkəzinə çevrilmək iddiasını xüsusi qeyd edib.

İclasda çıxış edən Rəşad Xalıqov bildirib ki, İRİA ölkədə təbiət dostu texnologiyalarının tətbiqi ilə dayanıqlı rəqəmsal ekosistem formalaşdırıb. Bu baxımdan “mygov”, “digital.login”, rəqəmsal sənəd dövriyyəsi və “digital.bridge” kimi rəqəmsal həllərin həm vətəndaşyönümlü xidmətlər yaratdığını, həm də ətraf mühit üçün müsbət təsirini qeyd edib.

Çıxışında iqlim innovasiyaları və regional əməkdaşlıq mövzusuna da diqqət çəkən R.Xalıqov İRİA tərəfindən həyata keçirilən təşəbbüslər vasitəsilə “yaşıl texnologiyalar” yaradan startapların dəstəkləndiyini bildirib: “Türkiyənin Vivekavə Sabancı ARF ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən “4+1 ClimAccelerator” proqramı iqlim innovasiyalarının inkişafında mühüm addım oldu. Proqram çərçivəsində 14 ölkədən, o cümlədən TDT-dən 150-dən çox müraciət qəbul olunub, 56 startap B2B görüşmələrdə iştirak edib, 10 innovativ həll COP29-da təqdim olunub”.

Müzakirələr sahibkarlıq ekosistemlərinin gücləndirilməsi, müəssisələrin dəstəklənməsi, eləcə də inklüziv enerji keçidinin irəlilədilməsi istiqamətində davam edib.

Panel iştirakçıları bərpaolunan enerji layihələrini, innovativ texnologiyaların inkişafını və ekoloji dayanıqlılıq sahəsində regional əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Qeyd edək ki, bu proqramlarda iştirak edən Azərbaycan startapı “AZIRRIGATION”in, həmçinin Azərbaycan və Türkiyədən olan təsisçilərin yaratdığı “Wastespresso”nun hər biri 50 min avro investisiya qazanıb.

Seçilən
6
5
xalqqazeti.az

6Mənbələr