Bu günlərdə Sumqayıtda fəaliyyət göstərən Turan Qastro Turizm Akademiyasında Turizm agenti ixtisası üzrə test və şifahi imtahanlar mərhələsi yekunlaşıb. Akademiyanın fəaliyyəti və turizm sektorunun ən böyük problemi olan xidmətin keyfiyyətində mövcud problemlərin aradan qaldırılması istiqamətində görülən işlər barədə danışan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası İdarə Heyətinin sədri Ruslan Quliyev bildirib ki, illərdir turizm sektorunda çalışır. Kvalifikasiyalı kadr çatışmazlığı, standart olmayan təhsillər, praktikaya əsaslanan öyrənmənin çatışmazlığı həmişə onu narahat edib. Bu düşüncə ilə də ortaqları ilə birlikdə Turan Qastro Turizm Akademiyasını yaradıblar.
Turizm mütəxəssisi deyib ki, bu akademiyanı yaratmaqda əsas məqsəd Azərbaycanın turizm potensialını ən yaxşı şəkildə dəyərləndirə biləcək, beynəlxalq standartlara malik peşəkarlar yetişdirməkdir.
Akademiyada həyata keçirilən Turizm agenti kurslarının əsas istiqamətlərindən danışan Ruslan Quliyev bildirib ki, kurslar geniş proqram əsasında qurulub: “Burada iştirakçılar əvvəlcə turizmə giriş, səyahət sənayesinin tarixi və əsas prinsipləri ilə tanış olurlar. Daha sonra turizm məhsullarının təşkili, tur məkanları, paketlərin hazırlanması, rezervasiya sistemləri, müştəri ilə ünsiyyət və marketinq mövzularını öyrənirlər. Nəzəriyyə ilə yanaşı praktika bizim əsas üstünlüyümüzdür. Kurslarımızı hərtərəfli proqram üzərində qurmuşuq. Tələbələr real təcrübə günlərində, həmçinin simulyasiya təlimlərində turizm agentliyi şəraitində işləməyi öyrənirlər. Bundan əlavə, korporativ müştərilərlə iş, təhlükəsizlik və risk idarəetməsi, sosial media və onlayn marketinq üzrə də real nümunələr üzərində çalışırlar. Amma bizim fərqimiz yalnız nəzəri bilik verməməyimizdir. Hər mövzunu real iş həyatından nümunələrlə möhkəmləndiririk”.
Kursları bitirən tələbələri gələcəkdə gözləyən imkanlardan bəhs edən mütəxəssis deyib ki, nəzərdə tutulan proqramı bitirən məzunlar turizm agentliklərində, turoperator şirkətlərində, aviabilet satış mərkəzlərində, mehmanxana və digər turizm müəssisələrində iş imkanı qazana bilirlər. Eyni zamanda, kursların sonunda onlar sertifikat əldə edirlər ki, bu da həm yerli, həm də beynəlxalq əmək bazarında onlara üstünlük verir. Çünki yalnız kağız üzərində sertifikat deyil, həqiqi bacarıqlarla təchiz olunmuş peşəkarlar olduqlarını sübut edir.
Söhbət əsnasında Ruslan Quliyev Turan Qastro Turizm Akademiyasının gələcək planları barədə də danışıb. O qeyd edib ki, gələcəkdə alternativ turizm növləri – ekoturizm, kənd turizmi, qastronomiya turizmi üzrə ixtisaslaşmış proqramlar açmağı planlaşdırırlar. Bundan başqa, beynəlxalq təşkilatlarla əməkdaşlıq quraraq tələbələrin müxtəlif ölkələrdə təcrübə keçmək imkanlarını artırmaq və beynəlxalq turizm marşrutlarının yaradılmasında məzunların aktiv iştirakını təmin etmək nəzərdə tutulur: “Xəyalım Azərbaycanın turizm xəritəsində daha güclü mövqeyə gəlməsi və bizim yetişdirdiyimiz peşəkarların bu uğurda rol oynamasıdır. Bunun üçün gənclərimiz daim öyrənməyə və yeniliyə açıq olmalıdır. Turizm sahəsi çox dinamik inkişaf edir. Texnologiyalar, rezervasiya sistemləri, marketinq üsulları hər il dəyişir. Kim müştəri məmnuniyyətinə, ünsiyyət bacarığına və peşəkar yanaşmaya üstünlük verirsə, o, mütləq uğur qazanacaq”.
Fəxriyyə ABDULLAYEVA