"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov Premyer Liqanın 3-cü turunda "Şamaxı"ı ilə bərabərliklə bitən (1:1) qarşılaşmadan sonra Sportinfo.az-a açıqlama verib.
33 yaşlı kiper ilk olaraq matç haqqında fikirlərini bizimlə bölüşüb:
"Prinsipcə, ağır oyun alındı. Hər iki komandanın qol vurmaq üçün yaxşı imkanları oldu.
Hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Meydandan "sülh"lə ayrıldıq. İşləməyə davam edəcək və növbəti oyuna hazırlaşacağıq".
Qarşıdan milli komandaların oyunları ilə bağlı 2 həftəlik fasilə gəlir.
Təcrübəli oyunçu "rəsmi oyunlara veriləcək ara "kimyaçılar"a necə təsir edə bilər" sualına isə belə reaksiya verib:
"Ümidvaram ki, təsiri yaxşılığa doğru olacaq. Çünki bütün komanda təlim-məşq toplanışında olacaq.
Birlikdə kifayət qədər məşq edəcək, səfərdə "İmişli"yə qarşı keçirəcəyimiz növbəti oyuna hazırlaşacağıq. Fikrimcə, xeyrimizə olmalıdır".
XANOĞLAN