Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Aznur" komandası turnirə ciddi hazırlaşır.
Komandanın baş məşqçisi Rəcəb Fərəczadə Fanat.Az-a açıqlamasında püşkü dəyərləndirib, yeni transferlər, o cümlədən turnirdəki hədəfləri barədə məlumat verib:
"İspaniya və Çexiya minifutbol ölkələridir. Qazaxıstan son DÇ-də uğursuzluqla üzləşsə də, onlar əvvəl iştirak etdikləri turnirlərdə çox vaxt pley-offlara yüksəliblər. Bir sözlə, qrupda bizə çətin olacaq. Ancaq biz də iddialıyıq. Ötən ÇL-də 1/8-ə adlamağı bacarmışdıq. Bu il hədəf 1/4-də oynamaqdır.
Heyətdə müəyyən dəyişikliklər etmişik. "Zirə"dən 3 oyunçunu - Mirkamil Əliyev, Kamran Qürbətov və Hüseyn Axundovu götürdük. O cümlədən, sırf ÇL üçün Mavritaniya millisinin üzvü Muhammed Bakayoko ilə anlaşdıq. Bakıda keçirilən dünya çempionatında onu bəyənmişdim. Bakayoko ilə qısamüddətli müqavilə imzalamışıq, amma mümkündür ki, sonradan anlaşmanın müddəti uzadılsın.
Hazırlığımız intensiv şəkildə davam. Həftədə 3 məşq keçirik. ÇL-ə kimi "Birbaşa" və "Zirə" ilə yoxlama oyunları nəzərdə tutulub. Onlar üçün də faydalı olar".
ÇL-in G qrupunda yer alan "Aznur"un rəqibləri "Almatı" (Qazaxıstan), "Oviedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) komandaları olacaq. Çempionlar Liqası sentyabrın 17-21-i aralığında Bolqarıstanın paytaxtı Sofiyada gerçəkləşəcək.
Mirağa