“Neftçi” – “Turan Tovuz” matçında Filip Ozobiçi bakılılara qarşı rəqib qismində görmək təəccüb doğururdu.
Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi hazırkı komandasına fayda vermək üçün çox çalışsa da, ideal formasından uzaq olduğu aşkar sezilirdi.
Ozobiç Sportinfo.az-a müsahibədə maraqlı məqamlara aydınlıq gətirib.
- Ciddi dəyişikliklərə məruz qalan “Neftçi”ni səfər matçında məğlub edəcəyinizi təsəvvür edə bilirdin?
- “Neftçi”nin adı üstündədir. Hansı vəziyyətdə olmasına baxmayaraq, bu komandaya qarşı oynamaq çətindir. Ötən həftə “Araz-Naxçıvan”a məğlubiyyətdən sonra bura qələbə dalınca gəlmişdik. Yalnız və yalnız 3 xal barədə düşünürdük.
- Biri var qələbə qazanmaq, biri də var qələbəni haqq etmək. Haqq etdiniz?
- “Neftçi” mübariz oyun göstərdi, sona qədər üstümüzə gəldi. Lakin ümumi oyuna baxsaq, fikrimcə, qalib gəlməli olan tərəf biz idik.
- “Neftçi” azarkeşlərinin önünə “Turan Tovuz”un formasında çıxmaq necə hiss idi?
- “Neftçi”də 2 il oynadığımızı nəzərə alsaq, bu stadiona ayaq basmaq mənim üçün xoş idi. Burada ab-hava həmişə yaxşı olub. Açığı, xoş hislər keçirdiyimizi deyə bilərəm.
- Qol vurmaq istəyirdin?
- (gülür) Əlbəttə. Peşəkar futbolçuyamsa, bunu etmək borcumdur. Bu, mənim işimdir.
- Qol vursaydın, xüsusi şəkildə qeyd edəcəkdin, yoxsa vaxtilə səni dəstəkləyən azarkeşlərə hörmət əlaməti olaraq susacaqdın?
- Yəqin ki, azarkeşlərin şərəfinə susacaqdım.
- Yenilənmiş “Neftçi” necə təsir bağışlayır?
- Çox sayda futbolçuların gəldiyini nəzərə alsaq, anlaşma baxımından müəyyən problemlərin olması normaldır. Buna baxmayaraq, istəkli görünürdülər, hücum edirdilər. Zamana ehtiyac var. 1-2 günə nəsə etmək mümkün deyil.
- İdeal formandan uzaqsan elə bil.
- Bəli, müəyyən əskikliklərim var və bunu hiss edirəm. Toplanışa gec qoşulmağım fiziki durumuma öz təsirini göstərdi. Bu gün ilk dəfə start heyətində yer almışdım. 3-4 oyun lazımdır ki, əvvəlki formamı qaytarım.
- Klubun rəhbəri Ehtiram Quliyev “Turan Tovuz”un çempionluq hədəfindən söz açmışdı. Hazırsınız?
- Biz hər qarşıdakı oyunda qələbə barədə düşünürük. Meydanı maksimum xalla tərk etməyimiz vacibdir. Bu düşüncə ilə davam edəcəyik. Finişdə hansı pillədə olacağımızı çempionatın sonu göstərəcək. İndidən nəsə demək çətindir.
HƏBİB