AZ

Komitə sədri: Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə yüksəlib

BAKI, 2 sentyabr. TELEQRAF

Azərbaycan ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlər ötən onilliklər ərzində dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub. İki ölkə arasında siyasi dialoq ardıcıl şəkildə inkişaf eedib, qarşılıqlı dəstək beynəlxalq təşkilatlar çərçivəsində də özünü göstərib.

Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) funksioneri Siyavuş Novruzov deyib.

O qeyd edib ki, bu kontekstdə Prezident İlham Əliyevin avqustun 30-da Çin Xalq Respublikasına işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi və regional sülhün beynəlxalq miqyasda dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir: “Səfərin həm ikitərəfli görüşlər, həm də çoxtərəfli formatda aparılan müzakirələrlə zəngin olması onun əhəmiyyətini daha da artırıb. Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin ilə görüşü, aparıcı Çin şirkətləri ilə danışıqları və “ŞƏT plyus” formatında keçirilmiş müzakirələr səfərin çoxşaxəli xarakterini nümayiş etdirir.

Bu səfər yalnız siyasi dialoqun dərinləşməsi deyil, həm də iqtisadi, ticarət, nəqliyyat, enerji və humanitar sahələrdə qarşılıqlı maraqların təmin olunması baxımından yeni imkanlar açır. Çin Xalq Respublikasının rəhbərliyi ilə aparılan yüksək səviyyəli görüşlərdə qlobal siyasətdə qarşılıqlı dəstək məsələləri müzakirə olunub, beynəlxalq hüquqa hörmətin, suverenlik və ərazi bütövlüyü prinsiplərinin önəmi vurğulanıb. “Bir kəmər, bir yol” təşəbbüsünə uyğun olaraq Azərbaycanın Orta Dəhliz vasitəsilə tranzit potensialı və ticarət rəqabətliliyi diqqət mərkəzində olub.

Eyni zamanda, Azərbaycan regionda etibarlı tərəfdaş və mühüm tranzit ölkə kimi Çinin diqqət mərkəzindədir. Belə ki, “Bir kəmər, bir yol” təşəbbüsü ilə Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin uzlaşdırılması xüsusi önəm kəsb edib. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt Beynəlxalq Dəniz Limanı kimi layihələr Çinin Avropaya çıxışında strateji mövqeyi gücləndirir.

Azərbaycan Prezidenti Çinin aparıcı enerji, infrastruktur və yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərinin rəhbərləri ilə keçirilmiş görüşlərdə bərpa olunan enerji, nəqliyyat-logistika, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunmuş, bir sıra razılaşmalar əldə edilib”.

Komitə sədri bildirib ki, Çin tərəfi 8 avqust 2025-ci il tarixində Vaşınqtonda imzalanmış Azərbaycan-Ermənistan sülh sazişini dəstəklədiyini bəyan edib: “Bu sənədin Cənubi Qafqazda dayanıqlı sabitlik və inkişaf üçün mühüm zəmin yaratdığını vurğulanıb. Prezident İlham Əliyev isə Azərbaycanın bundan sonra da beynəlxalq hüquqa əsaslanan sülh siyasətinə sadiq qalacağını, regionun əməkdaşlıq və tərəqqi məkanına çevrilməsi üçün bütün zəruri addımları atacağını qeyd edib.

Çin Xalq Respublikasının təşəbbüsü ilə keçirilmiş “ŞƏT plyus” formatında yüksək səviyyəli görüşdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv və tərəfdaş ölkələrin dövlət və hökumət başçıları regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizlərinin inkişafı və enerji təminatı mövzularında geniş fikir mübadiləsi aparılıb. Burada, həmçinin, ötən il Astanada keçirilmiş ŞƏT Sammitində Azərbaycanın ortaya qoyduğu prinsipial mövqenin davamlı şəkildə inkişaf etdiyi təsdiqlənib. Azərbaycan həmin sammitdə də dialoq və əməkdaşlığın önəmini vurğulamış, qlobal sabitliyin möhkəmlənməsi naminə çoxtərəfli platformalarda aktiv fəaliyyət göstərib”.

Siyavuş Novruzov hesab edir ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri ölkələrimiz arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə, iqtisadi, nəqliyyat, enerji və innovasiya sahələrində əməkdaşlığın genişlənməsinə xidmət edir: “Eyni zamanda, bu səfər Azərbaycanın təşəbbüsü ilə imzalanmış sülh sazişinə beynəlxalq dəstəyin təmin olunması, ölkəmizin regional və qlobal miqyasda mövqelərinin güclənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Nəticə etibarı ilə, Azərbaycan-Çin münasibətlərinin yeni mərhələsi yalnız ikitərəfli əməkdaşlıq çərçivəsi ilə məhdudlaşmır, həm də qlobal sülh, sabitlik və inkişaf naminə ortaq fəaliyyətin bariz nümunəsi kimi dəyərləndirilir”.

Seçilən
0
6
teleqraf.com

7Mənbələr