AZ

“Məhsulların Azərbaycandan birbaşa ABŞ bazarına çıxarılması əməkdaşlığın nəticəsi ola bilər” İqtisadçı

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan və ABŞ Anlaşma Memorandumunun mətni açıqlanıb. Əməkdaşlıq sahələrində regional iqtisadi və ticarət əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur.

İqtisadi əməkdaşlıq gələcək zamanda maksimum inkişaf etdirilən bilərmi?

Bəs bu münasibətlərə necə təsir göstərər?

 Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı Günay Hüseynova bildirdi ki, Azərbaycan və ABŞ arasındakı memorandumun əsas tərkib hissəsi məhz iqtisadi və ticari əməkdaşlıq çərçivəsindədir:

"Həmçinin onu da vurğulamaq istərdim ki, başlanğıcda maksimum inkişafdan öncə biz mövcud riskləri nəzərə almalıyıq. Çünki ilk növbədə regiondakı hər hansı siyasi gərginlik, geosiyasi balansın pozulması, eləcə də ABŞ-nin ticari siyasətindəki hər hansısa dəyişiklik bu əməkdaşlığı nəinki inkişafdan saxlaya, hətta iqtisadi zərərə uğrada bilər.

İqtisadi əməkdaşlığın gələcəkdə maksimum formada inkişaf etdirilməsinə gəlincə isə, bəli, gələcəkdə biz bu memorandumdan maksimum fayda əldə etməyə çalışacağıq. Bu əməkdaşlıq çərçivəsində bir çox sahələrin inkişafı və yeni layihələrin icrası gözlənilir".

Onun fikrincə, Zəngəzur dəhlizinin açılması və bu memorandumun imzalanması ABŞ investorlarını Azərbaycanda yatırım etməyə sövq edir:

"Bir növ investorların sayının artması və Azərbaycan iqtisadiyyatında gəlirlərin çoxalması baxımından mühüm fayda verə bilər. Digər tərəfdən bizdə bəzi sahələr mövcud olsa da, hələ özünün pik inkişaf səviyyəsinə çatmayıb. İstər innovativ baxımdan, istərsə də mütəxəssis çatışmazlığı səbəbindən müəyyən problemlər mövcuddur. Onlardan biri də kənd təsərrüfatı sahəsidir. Düşünürəm ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycanda kənd təsərrüfatı inkişaf edəcək, ABŞ texnologiyası və innovativ yanaşmasından səmərəli istifadə olunacaq və nəticədə kənd təsərrüfatında ixrac potensialımız da artacaq".

Müsahibimiz vurğuladı ki, nəqliyyat və logistika sahələrində də inkişaf gözlənilir:

"Bu isə, təbii ki, həm Azərbaycanın aktiv gəlirlərinin artması, həm də yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət daşıyır. Ümumilikdə isə düşünürəm ki, ABŞ ilə bu memorandum çərçivəsində əməkdaşlıq Azərbaycanın ixrac potensialına mühüm dəstək verəcək. Belə ki, yeni ticari tərəfdaşların sayının artması, müəyyən istehsal texnologiyalarının qurulması və bəzi məhsulların birbaşa Azərbaycandan ABŞ bazarına çıxarılması bu əməkdaşlığın əsas nəticələrindən biri ola bilər".

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
redaktor.az

2Mənbələr