Aktrisa Şarlott Arnu 2018-ci ildə baş verən hadisə barədə polisə şikayət edib...
Poliqon xəbər verir ki, məşhur fransız aktyoru Jerar Depardye yaxın vaxtlarda Fransada məhkəmə qarşısına çıxacaq. Onun barəsində iş aktrisa Şarlott Arnunun iddiaları əsasında qaldırılıb. Arnu 2018-ci ildə polisə müraciət edərək, Depardyenin onu zorladığını bildirib. Həmin vaxt istintaq nəticəsiz başa çatmışdı.
Lakin 2020-ci ildə aktrisanın yeni şikayətindən sonra araşdırma yenidən başlanılıb. Nəticədə iş məhkəməyə göndərilib və Depardye bir zorlamada və bir seksual xarakterli zorakı hərəkətdə ittiham olunur.
Xatırladaq ki, bu, Depardyenin adı hallanan ilk qalmaqal deyil. 2021-ci ildə “Yaşıl pəncərələr” (“Les Volets Verts”) filminin çəkiliş meydançasında iki qadına qarşı cinsi qısnama ittihamı ilə bağlı məhkəmə işi üzrə bu ilin may ayında Paris məhkəməsi onu 1,5 il şərti həbs cəzasına məhkum etmişdi.
Depardyenin vəkilləri aktyorun bütün ittihamları rədd etdiyini, onun məhkəmə prosesində günahsızlığını müdafiə edəcəyini bildiriblər.
Poliqon.info