Azərbaycan çempionu "Araz-Naxçıvan" ötən həftə Avstriyada təşkil olunan futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsində uğurlu çıxışı ilə yadda qaldı. Keçirdiyi hər üç oyunu qələbə ilə başa vuran təmsilçimiz əsas mərhələyə adladı. Komandanın məşqçisi, baş məşqçi Yevgeni Kukseviçin köməkçisi Rəcəb Fərəczadə ilə əlaqə saxlayıb onun turnirlə bağlı fikirlərini soruşduq.
44 yaşlı mütəxəssis Fanat.Az-a belə danışdı:
"Komandada məşqçi dəyişib, oyun üslubu fərqlidir. Yevgeni Kukseviçin işini müzakirə etmək fikrindən uzağam. Amma məşqçi işi göz qabağındadır. Digər tərəfdən, keçən il ÇL ərəfəsində "Araz-Naxçıvan"ın bir neçə oyunçusunun zədələnməsi problem yaratmışdı. Bu il isə turnirə problemsiz, hazırlıqlı yollanmışdıq.
Nəticələrə gəlincə, hesablar heç kimi aldatmasın. Oyunlar heç də asan keçmədi. Xüsusilə meydan sahibi "Ljuti Krajişniçi" ilə oyun xeyli gərgin alındı. Hətta deyərdim ki, oyunun qırılma anı 4:2 öndə olduğumuz vaxt rəqibin 6 metrdən yararlana bilməməsi oldu. Rövşən Hüseynli standart zərbəni dəf edə bilməsəydi, hesabdan irəli gələn gərginlik artacaqdı. Çünki həmin dəqiqələrdə rəqib təzyiqi artırmış, yerli publika xüsusilə fəallaşmışdı. Sonluqda avstriyalılar qapıçını meydan oyunçusu ilə əvəzlədilər və belədə fərqi artırmaq imkanı yarandı.
Heyət üzvləri haqqında ancaq xoş sözlər demək olar. Baş məşqçi əcnəbilərlə yerlilərin vəhdədindən yaxşı, mübariz komanda formalaşdırıb. Əgər ifaçılar keyfiyyətli olmasa, məşqçi istədiyini tam ala bilməz. Yerlilərdən xüsusilə Xəzər Ağalızadə və Ülvi Əliyevin çıxışını çox bəyəndim. Onlar baş məşqçinin verdiyi şansdan maksimum yararlana bildilər, legionerlərdən geri qalmırdılar.
Əsas mərhələ çətin olacaq. İnşallah, öhdəsindən gələrik".