AZ

Aspirindən daha təsirli dərmanTAPILDI

İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa Kardiologiya Cəmiyyəti (ESC) Konqresində təqdim olunan yeni bir tədqiqatın nəticələrinə görə, klopidogrel adlı qan durulducu dərman aspirindən daha təsirli ola bilər.

Redaktor.az bildirir ki, Lancet jurnalında yayımlanan araşdırma, klopidogrelin ürək tutması, insult (iflic) və ürəklə bağlı ölümlərin qarşısını almaqda aspirindən təxminən 14% daha təsirli olduğunu göstərib.

Maraqlıdır ki, daha əvvəl bu dərmanın qanama riskinin daha yüksək olduğu düşünülürdü, lakin yeni nəticələrə görə, klopidogrel və aspirin arasında bu baxımdan ciddi fərq yoxdur.

Araşdırmada təxminən 29 min koronar arter xəstəsi izlənilib. Ürək damarlarında tıxanıqlıq olan bu xəstələr üçün ənənəvi olaraq aspirinlə ömürlük müalicə tövsiyə olunur. Lakin bu yeni tədqiqat, klopidogrelin daha effektiv və təhlükəsiz alternativ ola biləcəyini ortaya qoyur.

Ən diqqətçəkən məqamlardan biri odur ki, genetik və klinik səbəblərlə klopidogrelə zəif reaksiya verən xəstələrdə belə, aspirinlə müqayisədə daha yaxşı nəticələr əldə olunub. Bu da dərmanın geniş pasiyent qruplarında faydalı ola biləcəyini göstərir.

Mütəxəssislər bildirir ki, bu tapıntılar gələcəkdə dünya miqyasında müalicə protokollarına təsir edə bilər. Klopidogrelin geniş yayılması, generik (ucuz) formalarının olması və əlçatanlığı, onun səhiyyə sistemlərində daha çox istifadə olunmasının yolunu aça bilər.

Tədqiqatçılar dərmanın iqtisadi səmərəliliyinin qiymətləndirilməsini və genişmiqyaslı yeni araşdırmaların aparılmasını tövsiyə edir.

Seçilən
6
1
redaktor.az

2Mənbələr