BAKI, 3 sentyabr. TELEQRAF
ABŞ Konqresi yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan maliyyəçi Cefri Epşteynin işi ilə bağlı 30 mindən çox sənədi açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsinin saytında deyilir.
“Bu gün Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatı Komitəsi ABŞ Ədliyyə Departamenti tərəfindən Epşteynlə bağlı 33 295 səhifəlik sənədləri açıqlayıb ”, - bəyanatda deyilir.
Onların avqust ayında qəbul edildiyi qeyd edilir. Sözügedən sənədlərdən bəzi məlumatlar "qurbanların şəxsiyyətlərinin qorunmasını təmin etmək" üçün çıxarılıb.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Epşteyn işi üzrə materialların Konqresə ötürülməsini dəstəkləyib . "Mən bu məsələdə tam şəffaflığın tərəfdarıyam.
Qeyd edək ki, Ceffri Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Prokurorlar onun Manhettendəki evinə 2002-2005-ci illərdə ən kiçiyi 14 yaşında olan onlarla azyaşlı qızın "dəvət edildiyinə dair" sübutlar aşkarlayıblar. Epşteynin dostları arasında təkcə ABŞ-dən deyil, həm də bir çox başqa ölkələrdən olan siyasətçilər, sahibkarlar və şou-biznes ulduzları olub. ABŞ-də maliyyəçinin cinayət təqibi 2019-cu il avqustun 10-da, onun həbsxana kamerasında intihar etməsindən sonra dayandırılıb.
Tramp ötən il seçki kampaniyası zamanı dəfələrlə "Epşteyn işi" üzrə istintaq sənədlərinin məxfiliyini ləğv ediləcəyini və ifadələrin ictimaiyyətə açıqlanacağını vəd etmişdi.