Amma Lənkəranın turizm potensialı daha genişdir
Azərbaycanda turizmin inkişafında Cənub bölgəsinin, xüsusən Lənkəranın sanballı payı var. Əzəmətli dağlar və Xəzər dənizi ilə əhatə olunmuş Lənkəranın füsunkar təbiəti, ilin bütün fəsillərində mülayim iqlimi, ləziz mətbəxi, qonaqpərvər camaatı turistləri bu gözəlliklər məskənindən yan keçməyə qoymur.
Müasir müalicə-istirahət kompleksi olan "Lankaran Sprinqs and Wellness Resotr", tarixi-mədəni abidələr, qala və məbədlər bu bölgənin şöhrətini ölkə sərhədlərindən kənara daşıyıb. Ümumiyyətlə, Lənkəran şəhərində və rayon ərazisində aparılan quruculuq işləri bu subtropik bölgədə turizmin bütün növlərinin inkişafı üçün geniş imkanlar və şərait yaratmışdır. Elə bu səbəbdən Lənkərana xarici ölkələrdən gələn qonaqların sayı ilbəil artır. İstirahət üçün Lənkəranı seçənlər arasında yerli turistlər də az olmur. Onların məlumatlandırılması üçün Lənkəran ŞİH-in dəstəyi ilə şəhərin mərkəzində Turizm İnformasiya Mərkəzi yaradılmışdır. Mərkəzdə şənbə və bazar günləri də daxil olmaqla həftənin bütün günləri müraciət edən turistlərə məlumatlar verilir, xəritə və broşürlər təqdim edilir. Bu məqsədlə Lənkəranın cib xəritəsi və nəfis şəkildə 10 tövsiyə broşürü hazırlanmışdır. Eyni zamanda Lənkəran Regional Turizm İdarəsi tərəfindən görüşlər təşkil olunur və turistlərə təqdim edilən kənd evlərinin sahibləri üçün qonaqlama ilə bağlı təlimlər keçirilir.
Hazırda Lənkəranda 28 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Həmin obyektlər xidmətlərin beynəlxalq standartlara uyğun təşkili üçün elektron turizm reyestrində öz məlumatlarını yerləşdirmişlər. Eyni zamanda hotellərdə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə mərhələli şəkildə ulduz təsnifatlarına keçilir. Həmçinin yerləşdirmə obyektlərində qalan turistlərin təhlükəsizliyini təmin etmək üçün Lənkəran Regional Turizm İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır, əməkdaşlara müvafiq tövsiyələr verilir.
Aqrar rayon olması nəzərə alınaraq Lənkəranda aqroturizmin inkişafı istiqamətində müəyyən işlər görülür. Həmin işlər sayəsində Lənkəran artıq əsas aqroturizm destinasiyalarından biri kimi tanınır. Burada il ərzində müxtəlif festivallar və kütləvi tədbirlər təşkil olunur. Ən populyar alqoturizm məkanı kimi "Nilado Green", "Citrus Valley", "Balçı səyavuş" təsərrüfatlarını qeyd etmək olar. Hazırda Lənkəranda 10-dan çox aqroturizm təsərrüfatı fəaliyyət göstərir. Artıq çay turları ilə yanaşı, naringi plantasiyalarına da səfərlər təşkil edilir.
Onu da bildirək ki, Dövlət Turizm Agentliyi tərəfindən il ərzində təşkil edilən beynəlxalq sərgilərdə Lənkəranın da turizm potensialı təbliğ olunur. Yerli və xarici televiziya kanallarında Cənub bölgəsinin turizm imkanlarını əks etdirən verilişlərin və təbliğat məzmunlu videoçarxların nümayişi təkil olunur, Azərbaycan Turizm Bürosunun rəsmi veb resusu olan https://azerbaijan.travel saytında cənub bölgəsinin görməli yerləri haqqında daim yeni məlumatlar yerləşdirilir, turizm potensialını əks etdirən müxtəlif çap məhsulları (broşür, xəritə və s.) hazırlanaraq gələn turistlərə təqdim edilir.
Lənkəranın Cənubi Qafqazın turizm mərkəzinə çevrilməsi üçün şəhərdə infrastrukturun yaxşılaşdırılması, sektora qoyulan investisiyaların həcminin artırılması da unudulmur. İlk növbədə Xəzər dənizinə yaxın ərazidə yeni turizm istirahət komplekslərinin tikilməsi həyata keçirilir. Təkcə son illər müasir tələblərə cavab verən "Xəzər Palace" hotel kompleksi və "Dəniz Hotel və Restaurant" istirahət mərkəzləri tikilib istifadəyə verilmişdir. Söz düşmüşkən xatırladaq ki, cənub bölgəsinin incisi kimi tanınan Lənkəran 2021-ci ildə UNESCO tərəfindən Dünyanın Mətbəx Mədəniyyəti Paytaxtı elan olunmuş, UNESCO-nun "49 yaradıcı şəhər" siyahısına daxil edilmişdir.
Ərazini turistlər üçün əlverişli edən cəhətlərdən biri də nəqliyyat infrastrukturunun inkişafıdır. 2008-ci ildə Lənkəranda istifadəyə verilən beynəlxalq hava limanı burada daxili və gəlmə turizmin inkişafına geniş imkanlar açmışdır. Lakin yeni sosial obyektlərin, istehsal sahələrinin, inzibati və yaşayış binalarının, müasir yolların istifadəyə verilməsi ilə bərabər, turistlər üçün müasir şəhər infrastrukturunun formalaşdırılmasına da ehtiyac var. Rayon ərazisində üç, dörd və beş ulduzlu hotellərin sayı kifayət qədər olsa da, turistlərin rahat gəzintisi üçün parklar, geniş istifadə üçün çimərliklər azdır və ona görə də bu və digər vacib sahələrə diqqəti artırmaq lazımdır.
Seyran CAVADOV,
"Azərbaycan"