AZ

Dominik Livakoviç “Jirona”ya keçdi

Türkiyənin “Fənərbağça” klubunun xorvatiyalı qapıçısı Dominik Livakoviç bundan sonra “Jirona”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.

La Liqa təmsilçisi 30 yaşlı qolkiperi 2025/2026-cı illər mövsümünün sonunadək icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Xatırladaq ki, “Fənərbağça” Livakoviçi 2023-cü ilin avqust ayında Zaqreb “Dinamo”sundan 6,65 milyon avro müqabilində transfer edib. O, İstanbul klubunun heyətində 74 oyuna çıxıb, 80 qol buraxıb, 26 matçda qapısını toxunulmaz saxlayıb.

Livakoviç Zaqreb “Dinamo”sundan başqa “NK Zaqreb” və “Zadar”da da forma geyinib. O, Xorvatiyanın U-17, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2017-ci ilin oktyabr ayında əsas millidə debüt edib. Livakoviç Xorvatiya millisinin heyətində meydana çıxdığı 66 oyunda 70 qol buraxıb, 22 matçda qapısının toxunulmazlığını təmin edib.

“Transfermarkt” internet-portalı 30 yaşlı qapıçının transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

“Jirona”da iki ayrılıq da reallaşıb. Mərkəz yayrımmüdafiəçisi Yanxel Ererra “Real Sosyedad”a keçib. 27 yaşlı futbolçunun transferi yeni klubuna 11 milyon avroya başa gəlib. Venesuelalı yarımmüdafiəçi “Real Sosyedad”la 5 illik müqaviləyə imza atıb.

“Jirona”nın ispan müdafiəçisi Ladislav Kreyçi də “Vulverhempton”a keçib. O, İngiltərə klubuna bir mövsümlük icarə müqaviləsi əsasında qoşulub. Müqavilədə satınalmaya dair şərt də nəzərdə tutulub.

Maraqlıdır ki, Premyer Liqa təmsilçisi Kreyçinin bir mövsümlük icarəsi üçün “Jirona”ya 22,5 milyon avro ödəyəcək. Gələn yay klub onun transfer hüquqlarını almaq üçün əlavə 7,5 milyon avro ödəməlidir.

Seçilən
74
arena.az

1Mənbələr