Ölkəmizin qərb bölgəsinə gələn turistlər, eləcə də respublikamızın müxtəlif bölgələrindən Şəmkirə yolu düşənlər qədim tikililərdən olan alman lüteran kilsəsinə böyük maraq göstərirlər. Alman xalqına məxsus bu kilsənin əsası 1909-cu ildə qoyulub. Turistləri və ziyarətçiləri ən çox maraqlandıran bir sual var, niyə məhz Şəmkirdə?
Tarixə nəzər salanda məlum olur ki, 1817-ci ildə rus çarı I Aleksandrın razılığı ilə Almaniyanın Şvaben bölgəsindən lüteran-pietist dininə mənsub olan yüzlərlə ailə imperiyanın ərazisinə köçürülüb. Bu köçürülmə zamanı, daha dəqiq desək, 1819-cu ildə 500 vürtemberqli alman ailəsi Azərbaycanın Yelizavetpol quberniyasına yerləşdirilib. Azərbaycanda ilk alman koloniyasının Yelenendorfda (indi Göygöl rayonu), sonra isə ondan 40 kilometr aralıda ikinci alman koloniyasının - Annenfelddə (indi Şəmkir rayonu) əsası qoyulub.
Almanlar Şəmkirdə üzümçülük və şərabçılığın inkişafı üçün xeyli iş görmüşlər, üzüm plantasiyaları salmış, su dəyirmanları, kiçik su-elektrik stansiyaları yaratmışlar. Gəlişlərinin ikinci ili - 1909-cu ildə İohann Beppl və İohann Bekin ianəsi ilə Annenfelddə roman qotik üslubunda lüteran kilsəsi tikdiriblər. Kilsənin memarı Ferdinand Lemkul olub.
Təəssüf ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti XI ordu tərəfindən süquta uğradıldıqdan sonra Azərbaycan xalqı ilə yanaşı, burada yaşayan almanlar da xoşagəlməz hallarla üzləşiblər. Sovet imperiyası tərəfindən 1928-ci ildə rəsmi şəkildə dinlə mübarizəyə başlanılıb. Həmin ilin dekabrında Azərbaycan KP MK-sı bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verib. 1936-1938-ci illərdə isə repressiyanın tüğyan etdiyi bir vaxtda ölkədə fəaliyyət göstərən bütün lüteran kilsələrinin rahibləri həbs olunublar. Kilsənin son keşişi Emil Royş ilk dəfə 1931-ci ildə həbs olunub. Daha sonra azadlığa buraxılsa da, 1937-ci ildə təkrar həbs edilərək, antisovet və dini təbliğatda günahlandırılaraq NKVD üçlüyü tərəfindən güllələnməyə məhkum edilmişdir.
SSRİ Xalq Daxili İşlər Komissarı L.Beriyanın almanların Cənubi Qafqazdan köçürülməsi haqqında 15 oktyabr 1941-ci il tarixli qərarına əsasən, üç gün ərzində - 19-20-21 oktyabr tarixlərdə Şəmkirdə yaşayan almanlar Sibirə və Qazaxıstana sürgün ediliblər. Bundan sonra kilsə öz fəaliyyətini dayandırıb. Sonralar burada Mədəniyyət evi, Müəllimlər evi və Tarix diyarşünaslıq muzeyi fəaliyyət göstərib.
Binada uzun müddət təmir-bərpa işləri aparılmadığından qotik memarlıq üslubunu özündə əks etdirən bu bina qəzalı vəziyyətə düşmüşdü.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə bu kilsə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
İctimai rəydə məmnunluq doğuran odur ki, 2012-ci ildə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Tolerantlığın ünvanı - Azərbaycandır" layihəsi çərçivəsində kilsə binası Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə əsaslı şəkildə bərpa edilib, kilsənin yerləşdiyi ərazi abadlaşdırılıb, ətrafında park salınıb. Kilsədə dini ayinləri, eləcə də musiqili tədbirləri keçirmək üçün orqan quraşdırılıb.
Rəhman SALMANLI,
"Azərbaycan"