İstanbulun Boğaziçi Universitetində 15 yaşlı Hilal Özdəmirin qətlə yetirilməsi Türkiyədə artan fərdi silah sahibliyi məsələsini bir daha gündəmə gətirib. Mütəxəssislər ölkədə 30 milyondan çox lisenziyasız silah olduğunu bildirirlər.
Hafta.az-ın yazdığına görə, lisenziyasız silahların xüsusilə qadın qətllərində geniş istifadə edildiyi vurğulanır. Hilal Özdemirin qətli kimi hadisələr bu silahların çox vaxt internetdən asanlıqla əldə olunduğu faktını yenidən gündəmə gətirib.
Umut Vəqfi İdarə Heyətinin üzvü Ayhan Akcan Türkiyədə baş verən silahlı insidentlərlə bağlı təəccüblü məlumatları paylaşıb. Bildirilib ki, son bir ildə baş vermiş 3800 hadisədə 2400 adam həyatını itirib. Bu hadisələrin 82 faizində məhz silahdan istifadə edilib.
Ancaq daha təəccüblü olanı, bu silahların yalnız 4 faizinin lisenziyalı olmasıdır. O, qalan silahların böyük əksəriyyətinin lisenziyasız olduğuna diqqət çəkərək, mülki şəxslərin 2,5 milyon lisenziyalı silaha sahib olduqlarını, sənədsiz silahların sayının isə 30 milyonu keçdiyini vurğulayıb.
Silah təlimatçısı Murat Aydın bildirib ki, onlayn satılan başqa təyinatlı boş silahlar ciddi risk yaradır. Aydın, “Bu silahlar çox ucuz qiymətə satılır. İnsanlar onları alıb evdə saxlayırlar, Onlar hesab edirlər ki, silah aldıqları halda özlərini təhlükəsiz hiss edəcəklər” deyib.
2023-cü ilin noyabrında qüvvəyə minən yeni qanun, lisenziyasız silahların daşınmasına görə cəzaları əhəmiyyətli dərəcədə artırıb. Lakin ekspertlərin fikrincə, bu qanunun yerlərdə təsiri hələlik statistikada öz əksini tapmayıb.
Bildirək ki, ötən ilin 10 ayı ərzində polis və jandarma bölmələri tərəfindən həyata keçirilən əməliyyatlarda 90 min sənədsiz silah ələ keçirilib. Eyni dövrdə 100 mindən çox insan haqqında məhkəmə prosesi aparılıb.