AZ

Qlobal Cənubun səsi və gücü - ŞƏT

Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) ümumi razılaşma əsasında mühüm dəyişiklik baş verib. Belə ki, qurumun Çinin Tiencin şəhərində keçirilən Zirvə görüşünün  yekun bəyannaməsinə əsasən Şanxay Əməkdaşlıq Təşkilatının indiyədək mövcud olmuş  müşahidəçi və dialoq tərəfdaşı statusları birləşdirilib. Bu dəyişiklik nəticəsində Azərbaycan təşkilatın rəsmi tərəfdaşı statusunu qazanıb.

Ədalətli dünya nizamı uğrunda

Şanxay Əməkdaşlıq Təşkilatı qlobal səhnədə izlənilən geosiyasi proseslər fonunda meydana gəlib. Başqa sözlə desək, ŞƏT-in yaradılmasında əsas məqsədlərdən biri yeni təsisat üzərindən Qlobal Cənubun Qlobal Qərbə müqavimət gücünü bir arada çəmləşdirmək olub. Təkqütblü dünya nizamının yaradılması tendensiyası ciddi narahatlıq doğururdu. Bir sıra hallarda Qlobal Cənubun maraqları tam şəkildə nəzərə alınmırdı və ikili standartalardan daha çox dərəcədə bu cinahı təmsil edən ölkələr əziyyət çəkirdilər. Beləliklə, ədalətli dünya nizamının yaradılması ideyası ŞƏT-in yeni regional təsisat olaraq meydana çıxmasında mühüm rol oynayıb. Əlbəttə ki, burada iqtisadi və qlobal çağırışlardan yaranan digər maraqları da unutmaq olmaz. Xüsusilə də Çinin zamanında irəli sürdüyü və təşviq etdiyi “Bir kəmər, bir yol” layihəsi ŞƏT-in formalaşmasında, ona marağın artmasında mühüm rol oynayıb. Qeyd edək ki, bu gün qurumda təmsil olunan ölkələrin əksəriyyətinin Çinin təklif etdiyi marşrutun coğrafiyası ilə birbaşa və  yaxud dolayısı ilə əlaqəsi var.

Beləliklə, qurum 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Son Zirvə görüşünədək ŞƏT-in 10 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran, Belarus ), 2 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var idi.  Çin sammitində qəbul edilən qərarla Azərbaycan və Ermənistan da daxil olmaqla bütün 14 ölkəyə, həmçinin Laosa tərəfdaş statusu verilib.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Daha çox ticari əlaqələrini özündə ehtiva edən Şanxay Əməkdaşlıq Təşkilatı, həmçinin aid olduğu bölgədə regional təhlükəsizlik, terrorizm, separatizm, ekstremizmlə birgə mübarizə tədbirləri çərçivəsində daha dərin əməkdaşlıq nəzərdə tutur.

Dünyanın ən böyük regional qurumu kimi ŞƏT-ə üzv ölkələrin Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin etdiyini nəzərə alsaq, dünyada cərəyan edən siyasi proseslər, müxtəlif dövlətlər arasında qarşıdurmalar, ikili standartlar fonunda Şanxay Əməkdaşlıq Təşkilatının nə dərəcədə vacib quruma çevrildiyini təsəvvür etmək çətin deyil. Təbii ki, Şanxay Əməkdaşlıq Təşkilatında əhali sayına görə dünyada birinci, iqtisadiyyatın həcminə görə ikinci olan Çinin xüsusi çəkisi var. Çin Xalq Respublikası (ÇXR) özünün iqtisadi potensialı ilə ŞƏT çərçivəsində iqtisadi və ticari, humanitar əməkdaşlığın genişlənməsində aparıcı amil olaraq qalır. Belə ki, Çinin 2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarət dövriyyəsi 2,7 faiz artaraq 512,4 milyard ABŞ dollarına çatıb. Bütün bu zəngin potensial nəzərə alınmaqla ŞƏT-i Qlobal Cənubun səsi və gücü kimi səciyyələndirmək daha doğru olardı.

Şübhə yoxdur ki, Çinin Tiencin şəhərində keçirilən Zirvə görüşündə aparılan müzakirələr və alınan qərarlar ŞƏT çərçivəsində əməkdaşlığı keyfiyyətcə yeni bir mərhələyə yüksəldəcək. Qeyd edək ki, Dövlət Başçıları Şurasının 25-ci iclasında 20 sənəd, həmçinin Tiencin Bəyannaməsi imzalanıb. İmzalanan sənədlər ŞƏT coğrafiyasında 2035-ci ilə qədər inkişaf strategiyasını, təşkilata üzv dövlətlərin 2026-2030-cu illər üçün ŞƏT məkanında ekstremist ideologiyaya qarşı mübarizə üzrə Əməkdaşlıq Proqramını, 2030-cu ilə qədər Enerji Əməkdaşlığının İnkişafı Strategiyasının həyata keçirilməsinə dair Yol Xəritəsini və digər mühüm məqamları əhatə edir.

Eyni zamanda, Dövlət Başçıları Şurasının 25-ci iclasında Çin Xalq Respublikasının Sədri Si Cinpin mühüm təşəbbüslə çıxış edib. Onun sözlərinə görə, Çin enerji, yaşıl sənaye və rəqəmsal iqtisadiyyat sahələrində üç əsas əməkdaşlıq platforması, həmçinin elmi və texnoloji innovasiyalar, ali və peşə təhsili sektorlarında üç mərkəz yaradacaq. Çin lideri qeyd edib ki, qarşıdakı beş il ərzində ölkəsi 10 milyon kVt-dan çox yeni günəş və külək enerjisi layihələrində digər ölkələrlə əməkdaşlığa hazırdır.

ÇXR Sədri ən qısa zamanda ŞƏT İnkişaf Bankının yaradılmasının vacibliyini də vurğulayıb. ŞƏT-in real addımlarla daha yaxşı inkişafını təmin etmək üçün Si Cinpin bu il ərzində digər üzv dövlətlərə 2 milyard yuan (təxminən 281 milyon ABŞ dolları) qrant verəcəyini, qarşıdakı üç il ərzində isə təşkilatın Banklararası Konsorsiumuna üzv banklara əlavə 10 milyard yuan kredit ayıracağını bildirib. Bundan əlavə, Çin ehtiyacı olan üzv dövlətlərdə 100 “kiçik və əlverişli” dolanışıq layihəsi həyata keçirməyi planlaşdırır. Növbəti beş il ərzində Çin həmin ölkələrdə 10 min insan resursu üçün təlim imkanları təqdim edəcək.

Azərbaycan üçün “yaşıl işıq”...

Uğurlu inkişaf modelinə  və müsbət beynəlxalq imicə malik olması Azərbaycanın  bu və ya digər beynəlxalq təşkilatda təmsilçiliyinə də “yaşıl işıq” yandırır. Biz müşahidə edirik ki, bəzi dövlətlərin hər hansı bir qurumda təmsilçiliyi formal xarakter daşıyır. Bu qəbildən olan dövlətlər üzv olduqları təşkilatlardan daim nə isə umur, daim texniki yardım, maliyyə dəstəyi gözləyir. Azərbaycan isə fərqli mövqedən çıxış edir. İndiyədək respublikamız sıralarına qatıldığı beynəlxalq təşkilatların fəaliyyətinə yeni dinamizm gətirib. BMT-dən sonra dünyada ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatında (QH) səmərəli fəaliyyət buna yaxşı misaldır.

Eyni fikirləri Azərbaycan - ŞƏT əlaqələri barədə də ifadə etmək mümkündür. Azərbaycan digər beynəlxalq təşkilatlarda olduğu kimi, ŞƏT-də də arzulanan bir dövlətdir. Əvvəla, onu qeyd edək ki, Azərbaycan qurumda təmsil olunan əksər dövlətlərlə ikitərəfli platformada siyasi dialoqu və bu əsasda iqtisadi məzmunlu əməkdaşlığı uğurla inkişaf etdirir, hətta ayrı-ayrı ölkələrlə, o cümlədən də Çinlə strateji tərəfdaşlıq sənədləri imzalayıb. Bu reallıq da Azərbaycan - ŞƏT münasibətlərinin qurulmasına və dərinləşməsinə təsirsiz ötüşməyib. 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in Zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusu verilib. Prezident İlham Əliyev 17 may 2016-cı il tarixində “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumu təsdiqləyib. Ölkəmiz, eyni zamanda, bir neçə il öncə  təşkilatdakı statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün ŞƏT-in Katibliyinə rəsmən müraciət etsə də, bəzi üzv dövlətlərin subyektiv yanaşması məsələnin həllinə maneçilik törədib. Ümumiyyətlə, Hindistan kimi bəzi dövlətlər öz siyasətlərində qisasçılığa əsaslanırlar. Bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində  Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşündə bildirib. Dövlətimizin başçısı ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.

Bu gün Azərbaycan - ŞƏT əməkdaşlığı hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Ölkəmiz Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlıqda iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və digər sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərini yüksək dəyərləndirir. O cümlədən son illərdə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub dəhlizlərinin, Transxəzər marşrutunun inkişaf etdirilməsinə böyük töhfələr verməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasına nail olması, hazırda isə Orta Dəhlizin davamı kimi Zəngəzur Dəhlizinin (Tramp marşrutunun) yaradılmasına güclü siyasi iradə göstərməsi , xüsusilə də Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək verməsi ŞƏT üçün ölkəmizin önəmini əhəmiyyətli dərəcədə artırıb. 2018-ci ildə Çinin Çindao şəhərində “Çin-Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi və ticarət əməkdaşlığı nümayişi zonası” yaradılıb. Həmin zonada “Made in Azerbaijan” brendli qida məhsullarının təqdim olunduğu “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir.

Qısa əməkdaşlıq tarixində humanitar sahədə də yaxşı əlaqələr qurulub. Belə ki, Azərbaycan ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunu aldıqdan sonra Heydər Əliyev Fondu ŞƏT ilə əməkdaşlıq əlaqələrinin genişlənməsinə mühüm töhfələr verir. Fondun təşkilatçılığı ilə ŞƏT-in Pekindəki mənzil-qərargahında 2018-ci ildə Azərbaycan mədəniyyəti günü, 2021-ci ildə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi qeyd edilib və qərargahda Nizami Gəncəvinin büstü qoyulub. N.Gəncəvi Çin filosofu Konfutsidən sonra ŞƏT-in qərargahında büstü qoyulmuş ikinci tarixi şəxsiyyətdir.

Mübariz FEYİZLİ

Seçilən
18
yeniazerbaycan.com

1Mənbələr