Kaliforniya ştatının Prokurorluğu “Home Depot” (dünyanın ən böyük ev təmiri və tikinti materialları pərakəndə satış şirkətlərindən biri) mağazalar şəbəkəsindən 10 milyon dollardan çox mal oğurlamaqda ittiham olunan mütəşəkkil dəstənin ifşa edildiyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, dəstənin lideri olduğu bildirilən, “Aria Wholesale” adlı topdansatış mağazasının sahibi Devid Ehl yaxın qohumları və əməkdaşlarının köməyi ilə uzun müddət ərzində müxtəlif filiallardan bahalı elektrik avadanlıqlarını oğurlayıb.
İndiyədək 14 nəfər həbs olunub, 9 nəfərə qarşı rəsmi ittiham irəli sürülüb, oğurlanmış təxminən 3,7 milyon dollar dəyərində əmlak müsadirə edilib. Təqsirləndirilən şəxsləri 4 ildən 32 ilədək həbs cəzası gözləyir. Prokurorluq bildirib ki, istintaq davam edir.
Qeyd olunub ki, saxlanılanlar arasında oğurlanmış malların onlayın satışına kömək edən Ümid Əbrişəmkar adlı iranlı da var.