Son günlər mətbuatda 9-cu "Muğam" Televiziya müsabiqəsinin ətrafında gedən söz-söhbətlərdə orada münsif olan bir neçə sənətkarın tələbələrə haqsızlıq etdiyi ilə bağlı yazılar tirajlanır. Əksər tənqidlər də xalq artisti, Milli Konservatoriyanın professoru, ustad sənətkar Mənsum İbrahimova yönəlib. Azərbaycan muğamını dünya ölkələrində, dilimizi bilməyən, mədəniyyətimizdən xəbəri olmayan insanların içində layiqincə təbliğ edən bir sənətkara qarşı bu doğru olmayan münasibət əlbəttə ki, ziyalılarımız tərəfindən də birmənalı qarşılanmır.
Müsabiqənin digər münsif heyəti, şair-yazıçı, İlqar Fəhmi Medianews.az saytına açıqlamasında bildirib ki, xalq artistinin ünvanına yönələn ittihamlar sifariş xarakterlidir:
"Öncə onu qeyd edim ki, finalçıların içində Mənsum İbrahimovun tələbələrindən bir nəfər də yox idi. Ona görə də heç kim deyə bilməz ki, Mənsum müəllim orada öz tələbəsinə yer verib. İkincisi də, istənilən qərar münsiflərin kollektiv müzakirəsi nəticəsində çıxarılır. Mübahisələr də olur, fikirlər də üst-üstə düşmür və s. Amma son müzakirədə çoxluğun qərarı ümumi nəticə kimi təqdim olunur. O ki, qaldı Mənsum İbrahimova yönələn ittihamlara.. Mən düşünürəm ki, bu planlaşdırılmış bir şeydir. Bizim incəsənətin müxtəlif sahələrində çalışan sənətkarlarımıza qarşı son günlər kiçik bir bəhanə gəzirlər ki, sanki onları gözdən salıb, xidmətlərini heçə sayıb, şəxsiyyətlərini alçaltsınlar. Bu çox pis haldır. Böyük sənətkarı, şəxsiyyəti yaratmaq üçün ona illər lazımdır. Niyə xalqımızın sevdiyi, zirvələrə qaldırdığı sənətkarları boz kütlənin ayağına veririk? Bax, bu məni yandırıb tökür. Sənətkar elə-belə, havadan yaranmır. Onun formalaşmasına, inkişafına, böyüməyinə 10 illiklər lazım olur. Biz bəhanə gəzirik ki, bu əziyyətləri yerə vuraq. Son 10 illikdə yaranıb, belə deyildi. Bu heç yaxşı hal deyil və bizə xas deyil. Məncə bunun üzərində düşünmək lazımdır".
Əməkdar artist Sevinc Sarıyeva saytımıza açıqlamasında bütün bu baş verənlərin niyə məhz xalq artisti Mənsum İbrahimova yönəlməsinə münasibət bildirib:
"Orada bir neçə münsif heyəti var. Niyə məhz hamı Mənsum müəllimin üstünə düşür? Bu mənə maraqlıdır. Hamıya məlumdur ki, Mənsum müəllim gözəl insan, böyük sənətkardır. Özünün tələbələri ilə bahəm həm də digər sənətkarların tələbələrinə dəstəkdir. Bu nəticələrin ərsəyə gəlməsində tək Mənsum müəllimin rolu yoxdur ki. Quru divara palçıq yapışmır. Mənsum müəllimə də böhtan yapışmır. Onun bütün tələbələri opera səhnəsində, muğam aləmində öz yerini tutub. Əməkdar artist Təyyar Bayramov da Mənsum İbrahimovun tələbəsidir. Təyyarın da tələbəsi Aycan orada idi. Əgər Mənsum müəllimin əlində səlahiyyət olsaydı elə birinci tələbəsinin tələbəsi Aycanı qalib edərdi də. Əgər yerlipərəstlik, tərəfkeşlik olsaydı. Hər bir işin pərdəarxası məqamları, fikirayrılığı olur. Bu haqda heç nə deyə bilmərəm. Bircə onu bilirəm ki, Mənsum İbrahimov həmişə haqqın, insanlığın tərəfdarı olub. Mənsum İbrahimov Azərbaycan muğam sənətinə elitarlıq gətirib. Çünki onun danışığı, davranışı, konservatoriyaya müəllim kimi gələrək tələbələri ilə münasibəti nümunəvidir. Bilirəm ki, onun əleyhinə yazılan əksər yazılar sifarişlidir. Çoxlarının çırağına neft tökülüb. Amma düzgün etmirlər. Burada düşmənçilik aparmaq lazımdır. O gənclərimiz də zamanla öz yerlərini tutacaqlar. Şəxsən mənim iki tələbəm seçim turlarına getdi və kəsilib gəldilər. Orada münsif olsaydım heç vaxt qoymazdım ki, onlar seçilsinlər. Çünki elə oxumağa uşağı müsabiqədən keçirməzlər".
Xalq artisti, müsabiqənin digər münsif heyəti Nəzakət Teymurova isə ifaçıların ittihamlarına belə cavab verib:
"Heydər Əliyev Fondu finalda 3 nəfər üçün yer ayırmışdı. Həm ballara görə, həm də həftələrlə qüsursuz oxuduqlarına görə. Əlbəttə ki, hər bir ifaçının qüsuru var idi. Münsiflər heyəti təkcə final gününü yox, aylarla oxunan ifaları, repertuar seçimlərini və digər nüansları nəzərə alıb qalibi seçdi. Onlar professional ifaçılar deyildi ki, qüsursuz oxusunlar. Kim kimdən üstündürsə o nəzərə alınıb. O ki, qaldı münsiflər haqda deyilən sözlərə. Mən arzu edirəm ki, oradakı ifaçılar da zamanla gəlib böyük, ustad sənətkar olsunlar. Əlbəttə ki, zamanla bu da olacaq. Amma onların hansısa səhvi münsiflərin üstünə atmasını qətiyyən qəbul etmirəm və bu düzgün bir hal deyil. Ən azından oradakı münsiflər aylarla həmin ifaçıların düzgün oxuması, muğamı sevməsi və bu sahədə irəli getməsi üçün səy göstəriblər".
Əli Əsgər
Medianews.az