NATO bir təşkilat olaraq Ukrayna üçün təhlükəsizlik təminatları və orada qoşunların yerləşdirilməsinə hazırlıqla bağlı danışıqlarda iştirak edir.
AFN.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib. O, bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
"Avropa Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlarda iştirak edir. NATO bir təşkilat olaraq, şübhəsiz ki, bunda iştirak edir, çünki qoşunlarımızın çox seyrək şəkildə yayılmaması bizim üçün çox vacibdir", - deyə Rutte vurğulayıb.
Mark Rutte qeyd edib ki, NATO ölkələri və "istəklilər koalisiyası" baş qərargah rəisləri səviyyəsində, dövlət başçıları səviyyəsində müzakirələr aparılır: "Düşünürəm ki, sabahkı görüşdən sonra (Parisdəki 'istəklilər koalisiyası' toplantısı - red.) və ya bir az sonra bizdə aydınlıq olacaq", - deyə baş katib NATO-nun Ukraynaya göndərilməsi planının müzakirəsi mərhələsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, sentyabrın 4-də Parisdə keçiriləcək görüşdə Rutte də iştirak edəcək.