BAKI, 3 sentyabr. TELEQRAF
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni qətdim edirik:
- Mübariz müəllim, artıq ATƏT-in Minsk qrupu tarixə qovuşdu. 30 ilə yaxın bir dövrdə təşkilatın fəaliyyəti ilə bağlı heç də birmənalı mövqe yox idi. İndiki halda qurumun ləğvi ilə bağlı verilən qərarı necə dəyərləndirirsiniz?
- ATƏT-in Minsk qrupu (əvvəlki adı ATƏM-in Minsk qrupu) Ermənistan-Azərbaycan, keçmiş Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış qurum idi. Bu təşkilat ona görə yaradılmışdı ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü, başlanmış olan hərbi əməliyyatlar dayandırılsın. ATƏT-in Minsk qrupunda üç həmsədr - ABŞ, Fransa və Rusiya təmsil olunurdu. Keçən müddət ərzində bu təşkilat keçmiş münaqişə vəziyyətinin aradan qaldırılması üçün fəaliyyət göstərməli, təkliflər verməli idi. Xüsusilə, bu qurum təcavüzkarın müəyyənləşməsi, onun Ermənistan olmasını göstərərək, ona qarşı hansısa təzyiq rıçaqlarını işə salmalı idi. Azərbaycana qarşı işğal faktını aradan qaldırılması üçün Ermənistana qarşı sanksiyaların tətbiqi kimi təzyiq alətlərindən istifadə oluna bilərdi. Bunun fonunda ATƏT-in Minsk qrupunun həmsədrləri ancaq regiona səfərlər etməklə məşğul olurdu. Təsadüfi deyil ki, jurnalistlər həmsədrlərin bu səfərlərini “turist səfərləri” adlandırırdı. Çünki onların məqsədi danışıqlar prosesini uzatmaq idi. Prezident İlham Əliyev də bir neçə dəfə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə dair özünün iradlarını bildirib. Çünki danışıqlar bu qədər uzun sürməməli və kimin-kim olduğu, təzavüzkarın kimliyi bəyan olunmalıydı.
- Həmsədrlər təcavüzkarı niyə açıq şəkildə göstərə bilmirdi?
- Minsk qrupunun həmsədrlərindən təcavüzkarın kimliyini soruşduqda cavab verirdilər ki, “biz onu barmağımızla göstərəsi deyilik” və s. Əslində isə onların məqsədi prosesi uzatmaqdan ibarət idi. Bu eyni zamanda təcavüzkara dəstək vermək təəssüratı yaradırdı. Prezident İlham Əliyev II Qarabağ müharibəsindən sonra Minsk qrupunun üzvlərini qəbul edərkən ciddi etirazını bildirərək onlara dedi ki, “mən sizi dəvət etməmişəm”. Sözsüz ki, Azərbaycanla Ermənistan arasında sülh razılaşmaları fonunda Minsk qrupunun fəaliyyət göstərməsi mənasız idi. Tərəfləri sülhə gətirməli olan qurum olaraq Minsk qrupu üzərinə düşən vəzifəni icra etməyibsə, tərəflər vasitəçilərsiz sülhə doğru addım atıblarsa, 8 avqustda Vaşinqtonda sülh sənədi paraflanıbsa, bundan sonra həmsədrlərin qalmağı heç kəsə lazım deyildi. Bu mənada Minsk qrupunun fəaliyyətinə xitam verilməsi məntiqlidir. Təşkilatın mövcudluğu Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra bitmiş sayılırdı. Bizim üçün belə bir qurum artıq mövcud deyildi. Məhz Azərbaycan və Ermənistan tərəfi birgə müraciət edərək Minsk qrupunun fəaliyyətinin dayandırılmasını təmin etdi. Azərbaycan üçün Minsk qrupu 1992-2020-ci ilə qədər mövcud olub. Bundan sonra onun fəaliyyəti əhəmiyyətini itirmişdi. İndi isə hüquqi cəhətdən təşkilatın fəaliyyətinə xitam verildi. Bu ən düzgün qərardır.
- Azərbaycana qarşı Ermənistan konstitusiyasında ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması rəsmi Bakının Minsk qrupundan sonra İrəvan qarşısında qoyduğu iki mühüm şərtdən bir idi. Bu məsələnin tezliklə həllinə dair proqnozlar nədən ibarətdir?
- Bunlar məhz danışıqlar prosesində Azərbaycanın irəli sürdüyü şərtlərdir. Azərbaycanın sülhlə bağlı ortada olan bütün tələbləri təmin edilib. Burada yalnız iki mühüm şərt qalırdı ki, bu da Minsk qrupunun buraxılması və Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı idi. Çünki Azərbaycana qarşı Ermənistan konstitusiyasında ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması legitim tələbdir. Sülh sazişi imzalanırsa, həmin ölkənin əsas qanununda ərazi iddiasını ehtiva edən məqamlar da aradan qaldırılmalıdır. Bu iddiaların qalması gələcəkdə Ermənistandakı müəyyən revanşist qruplar və dairələr tərəfindən əks arqument kimi istifadə edilə bilər. Ona görə də Azərbaycanın Ermənistandan konstitusiya dəyişikliyi ilə bağlı tələbi tam haqlıdır.
- Delimitasiya və demarkasiya prosesində qarşıya hansısa çətinliklər çıxa bilərmi?
- Sərhədlərlə bağlı da Azərbaycanın haqlı tələbləri yerinə yetiriləcək. Prezident İlham Əliyev tərəfindən bu məsələlər açıq şəkildə qeyd edilib. Göstərilib ki, Ermənistan öz konstitusiyasından ərazi iddialarını ehtiva edən müddəaları çıxartmalıdır. Yekun sülh sazişi məhz bundan sonra imzalanacaq. 8 avqustda Vaşinqtonda əldə edilmiş razılaşmada sülh məsələsi öz əksini tapıb. Yekun razılaşma isə Ermənistan konstitusiyasında müvafiq dəyişikliklər edildikdən sonra başa çatacaq. Sözsüz ki, Ermənistan tərəfi bu şərti mütləq icra edəcək. Artıq konstitusiya dəyişikliyi ilə bağlı erməni tərəfindən açıqlamalar da verilib.
- Zəngəzur dəhlizinin (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu-TRIPP) açılması ilə bağlı avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmaya region ölkələrinin də reaksiyası var. Bu cür yanaşmalar prosesi ləngidə bilərmi?
- Prezident İlham Əliyev Çinə səfərində bir daha Zəngəzur dəhlizi məsələsinə toxundu. Burada müxtəlif ticarət yolları üzərindəki məsələlər, onların əhəmiyyəti, bütövlükdə Orta dəhliz istiqamətində Zəngəzurdan keçən yolun vacibliyi bir daha qeyd edildi. Ölkəmizin başçısı Zəngəzur dəhlizi terminini bir daha mühüm platformada diqqətə çatdırdı. Azərbaycan tərəfi bu yolun dəhliz formasında açılmasının tərəfdarıdır. Zəngəzurdan keçən yolun “Tramp Marşrutu” formasında təsbit edilməsi imzalanmış sənədlər əsasında yerinə yetiriləcək. Şimal-Cənub, Şərq-Qərb dəhlizlərində Azərbaycan bağlayıcı ölkə kimi vacib rol oynayır. Ölkəmizin bu məsələdə coğrafi əhəmiyyəti böyükdür. Dövlətimizin başçısı da çıxışında qeyd etdi ki, atılan bu addımlar Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərində iştirak edəcək dövlətlərin maraqlarına uyğundur. Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra Orta dəhliz Şərq-Qərb nəqliyyat dəhlizində əhəmiyyətli yer tutacaq. Şimal-Cənub nəqliyyat dəhlizi məsələsində bu dəhliz mühüm rol oynayacaq. Ona görə də ayrı-ayrı ölkələrin və qrupların bu məsələ ilə bağlı münasibətləri, mövqeləri və açıqlamları olsa da, Zəngəzur dəhlizi hamı üçün faydalı olacaq. Bu dünya ticarətinə, iqtisadi əlaqələrə mühüm töhfə verəcək. Azərbaycan da burada əhəmiyyətli ölkə olaraq Zəngəzur dəhlizinin reallaşmasında söz sahibi kimi fəaliyyətini davam etdirəcək.