Bolqarıstan hökuməti Avropa Komissiyasının sədri Ursula fon der Leyenin təyyarəsinin Plovdiv hava limanına enişi zamanı baş verən GPS nasazlığını araşdırmaqdan imtina edib.
Publika.az xəbər verir ki, Bolqarıstanın baş naziri Rosen Jelyazkov məsələyə münasibət bildirib.
"Təhqiqat başlatmaq üçün heç bir əsas yoxdur. Bu cür uğursuzluqlar hibrid təhdidlər və ya kiber təhlükələr kimi təsnif edilmir", - deyə baş nazir qeyd edib.
R.Jelyazkov deyib ki, Ukraynaya qarşı müharibə başlayandan bəri onlar dəfələrlə elektron müharibənin təsirlərini müşahidə ediblər.
"GPS tıxanması qeyri-adi bir şey deyil və bu, belə hərbi münaqişələrin nəticələrindən biridir. Bu tıxanma siqnalları xüsusi bir təyyarəyə yönəldilmir", - deyə Jelyazkov vurğulayıb.