Göygöl rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, müzakirələrdə Azərbaycan Biznesinin İnkişafı Fondunun, Dövlət Məşğulluq Agentliyinin rəsmiləri, bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri, yerli fermerlər iştirak ediblər.
Panel müzakirələrdə çıxış edən digər dövlət qurumlarının, bank və bank olmayan kredit təşkilatlarının nümayəndələri aqrar sahədə dövlətin dəstək mexanizmləri, kənd təsərrüfatı fəaliyyəti üçün ayrılan güzəştli kreditlər, texnika və damazlıq heyvanların alınması zamanı 40-60 faiz aralığında dövlət dəstəyi, kreditləşmə mexanizmləri, fermerlərə təklif olunan bank məhsulları barədə geniş məlumat veriblər.
Debat formatında davam edən müzakirələrdə fermerlərin texnika, damazlıq heyvan, müasir suvarma sistemləri alınması zamanı tətbiq olunan dövlət dəstəyi mexanizmləri barədə sualları geniş cavablandırılıb. Bildirilib ki, fermerlər kənd təsərrüfatı texnikası və müasir suvarma sistemləri alan zaman bu məhsulların gömrük dəyərinin 20 faizi həcmində ilkin ödəniş edir, məbləğin 40 faizi dövlət tərəfindən subsidiyalaşdırılır, qalan 40 faiz isə Aqrar Kredit və İnkişaf Agentliyi ilə tərəfdaşlıq edən bank və bank olmayan kredit təşkilatları tərəfindən kreditləşdirilir.
Kreditin əsas hissəsini 60 ay ərzində fermerlər, faizlərini isə dövlət ödəyir. Analoji mexanizm müasir suvarma sistemlərinin alınması zamanı da tətbiq olunur. Damazlıq heyvan alışı zamanı isə dövlətin fermerlərə dəstəyi 60 faiz təşkil edir.