"Cənab Prezident İlham Əliyev “Əl-Ərəbiyə” telekanalına verdiyi müsahibədə Rusiya barədə obyektiv və dəqiq fikirlər söylədi. Xüsusilə AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiya tərəfindən üzr dilənməməsi, bu böhranın məhz Rusiya tərəfindən yaradılması məsələsi diqqətə çatdırıldı. Azərbaycan hüquqi baxımdan bu məsələlərə cavab verir. Bununla yanaşı, Prezident İlham Əliyev 1920-ci ildə Rusiya bolşeviklərinin Azərbaycanın işğal etməsini də xatırladaraq tarixi faktlara əsaslanan açıqlamalar verdi".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Prezident İlham Əliyevin 27 avqustda “Əl-Ərəbiyyə”yə verdiyi müsahibədən sonra Rusiyadan Azərbaycana qarşı saxtalaşdırılmış və təhrif olunmuş məlumatlar əsasında kütləvi informasiya kampaniyası başlanılmasından danışarkən bildirdi.
"Göründüyü kimi, prezidentin açıqlamaları Rusiyada isteriya yaratmış və ölkədə kütləvi informasiya vasitələrində Azərbaycana, Prezident İlham Əliyevə qarşı çirkin kampaniyaların aparılmasına səbəb olmuşdur. Bu kampaniyaların Kreml tərəfindən idarə olunduğu açıqdır, çünki Rusiyada azad mətbuat yoxdur və bütün narrativlər mərkəzdən hazırlanaraq KİV-ə ötürülür. MDB ölkələrinə qarşı hibrid müharibəni koordinasiya edən yeni komitənin yaradılması və bunun Rusiya Prezidentinin köməkçisi tərəfindən başçılıq edilməsi də bu mövqeni təsdiqləyir. Beləliklə, Rusiya öz ənənəvi çirkin kampaniyasından geri addım atmır. Qonşu ölkələrə qarşı hibrid və KİV vasitəsilə təxribatçı açıqlamalar verməkdə davam edir və bu prosesin başında rəsmi Moskva dayanır. Rusiya üçün dost yoxdur, yalnız vassal mövcuddur və Azərbaycan da bu baxımdan dost kimi qəbul edilmir. Bu səbəbdən böhran getdikcə dərinləşir", - deyə müsahibimiz qeyd etdi.
Xədicə BAXIŞLI