Argentinalı məşhur futbol mütəxəssisi Xorxe Sampaoli məşqçilik karyerasını yenidən Braziliyada davam etdirəcək.
Arena.az xəbər verir ki, 65 yaşlı mütəxəssis “Atletiko Mineyro” klubunda işləyəcək.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Kuka ilə yollarını ayırmış klub rəhbərliyi boş qalmış postu Sampaoliyə həvalə etmək qərarına gəlib. Onun müqaviləsinin müddəti 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub.
Xatırladaq ki, Xorxe Sampaoli 2020-ci il mövsümündə də “Atletiko Mineyro”nun baş məşqçisi olub. Həmin vaxt komanda Braziliya A Seriyasında üçüncü yeri tutub. Braziliya klubu argentinalı mütəxəssisin dönəmində keçirdiyi 44 oyunda 25 qələbə qazanıb, 9 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb.
Sampaolinin sonuncu iş yeri Fransanın “Renn” komandası olmuşdu. O, 2024-cü ilin noyabrından rəhbərlik etdiyi Liqa 1 təmsilçisindən bu ilin əvvəlində ayrılmışdı. Argentinalı mütəxəssis “Flamenqo”, “Sevilya”, “Olimpik” (Marsel), “Santos”, “Emelek” kimi klublarda, Argentina və Çili yığmalarında da baş məşqçi olub.