Tesla-nın satışlarındakı geriləmə, Avropanın demək olar ki, bütün iri elektrikli avtomobil bazarlarında müşahidə olunur.
Marja xəbər verir ki, Almaniya Federal Avtomobil Nəqliyyatı Agentliyinin (KBA) çərşənbə günü açıqladığı rəqəmlərə əsasən, yeni Tesla avtomobillərinin satışı ötən ilin eyni ayı ilə müqayisədə 39 faiz azalıb. Bu ilin ilk səkkiz ayına baxıldıqda isə azalma 56 faiz təşkil edib.
Tesla, həmçinin, avqust ayında Fransa, Belçika, Danimarka və İsveçdə də ciddi satış enişi yaşayıb.
Norveç isə istisna olaraq Tesla satışlarının artdığı ölkələrdən olub. Ötən ayla müqayisədə Norveçdə satışlar 21 faiz yüksəlib, ilin səkkiz ayı üzrə isə illik artım 26 faiz təşkil edib.
Tesla-nın ilin ilk yarısında qlobal avtomobil satışları ötən illə müqayisədə 13 faiz azalıb və bu, şirkəti ardıcıl ikinci illik geriləməyə aparır.
Federal vergi güzəştlərinin müddəti başa çatmazdan əvvəl ABŞ istehlakçılarının elektrikli avtomobil alışlarını sürətləndirməsi şirkətə bu rübdə müəyyən dəstək verə bilər, lakin Avropa və Çindəki geriləmə bu üstünlüyü məhdudlaşdıra bilər.