AZ

Evini kirayə verənlərin nəzərinə: 5 şərtə əməl edin, əks halda...

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bəzi vətəndaşlar mənzilini uzunmüddətli kirayə vermək istəsələr də, müəyyən risklərin olduğunu bildirirlər. Məsələn, ödənişlərin gecikdirilməsi, əmlaka zərər vurulması və ya müqavilə şərtlərinin pozulması ev sahibini çətin vəziyyətə sala bilər. Hətta müəyyən hallarda kirayəçi ilə hüquqi mübahisələr qaçılmaz olur.

Evini uzun müddət kirayə verən sahibkarlar bu risklərdən necə sığortalana bilər? Onlar nələrə əməl etməlidirlər?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, Azərbaycanda vətəndaşların evlərini uzunmüddətli kirayə verməsi halları artır:

“Ən çox rast gəlinən risklərdən biri kirayəçinin ödənişləri gecikdirməsi, yaxud ümumiyyətlə ödəməməsidir. Digər ciddi problem mənzilə zərər yetirilməsi, qeyri-qanuni fəaliyyət üçün istifadəsi və müqavilə şərtlərinin pozulmasıdır. Bu hallarda ev sahibi həm maddi, həm də hüquqi çətinliklərlə üzləşə bilər. Mülki Məcəllənin 678-ci maddəsinə əsasən, yaşayış sahəsinin kirayəsi yalnız yazılı müqavilə əsasında mümkündür. Müqavilə tərəflərin hüquq və öhdəliklərini dəqiq müəyyən etməlidir. Notariat qaydasında təsdiqlənmə varsa, mübahisə yaranacağı halda ev sahibinin hüquqlarını müdafiə etmək daha asan olur”.

Həmçinin oxuyun:

Kirayə ev axtaranlar üçün təhlükə: Bu söz deyiləndə tədbirli olun – DİQQƏT

Ellada Bayramova

Hüquqşünas qeyd edib ki, evini uzunmüddətli kirayə verənlər müəyyən məsələlərə diqqət etməlidirlər:

“Birincisi, mütləq yazılı kirayə müqaviləsi bağlanmalı və orada 5 əsas şərt – kirayə haqqının miqdarı, habelə ödəniş qaydası, müddəti, mənzildən istifadə qaydaları (yalnız yaşayış üçün, üçüncü şəxsə verilməməsi), əmlaka dəyən ziyana görə məsuliyyət və mübahisələrin həlli mexanizmi (məhkəmə, yaxud arbitraj yolu) əks olunmalıdır. Bundan əlavə, ev sahibi müqaviləyə cərimə və zərərin ödənilməsi şərtlərini də əlavə edə bilər. Bu, kirayəçi ödənişi gecikdirsə və ya əmlaka ziyan vursa, hüquqi əsas yaradır. Əlavə olaraq sığorta mexanizmləri də mövcuddur. Tövsiyə olunur ki, ev sahibləri mənzillərini həm əmlak, həm də məsuliyyət sığortası ilə təmin etsinlər. Bu zaman təkcə hüquqi deyil, maliyyə baxımından da risklər azalır”.

E.Bayramova əlavə edib ki, kirayəniş ödənişdən yayındığı halda ev sahibi Mülki Məcəllənin 688-ci maddəsinə əsasən, müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir:

“Kirayəçi mənzili boşaltmaqdan imtina edərsə, ev sahibi məhkəməyə müraciət etməlidir. Qərarla o, mənzildən çıxarıla və borcları tutula bilər. Vacib nüanslardan biri də müqavilənin hüquqşünasın köməyi ilə hazırlanmasıdır. Bununla yanaşı, kirayəçi seçərkən onun maliyyə imkanları və reputasiyasının yoxlanılması, həmçinin müqaviləyə əlavə təminatların – girov, depozit və ya zəmanət maddələrinin daxil edilməsi yaxşıdır. Bu sadalananlar ev sahibini həm hüquqi, həm də maliyyə cəhətdən güclü mövqedə saxlayır”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
globalinfo.az

1Mənbələr