Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Astara rayonunda baş verən faciəvi hadisə bir daha göstərdi ki, körpələrin sağlamlığı valideynlərin maarifləndirilməsi ilə sıx bağlıdır.
2024-cü il təvəllüdlü, 10 aylıq Elcan Taleh oğlu Həsənzadənin hərarəti qalxaraq həyatını itirməsi xəbəri bütün ölkəni sarsıtdı.
Hadisə zamanı körpənin yaxınları qidadan zəhərlənmə şübhəsi ilə ona ərzaq sodası verməyə çalışıblar. Bu müdaxilə uşağın vəziyyətini daha da pisləşdirib. Daha sonra körpə əvvəl Şükür kəndindəki, sonra isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırılıb. Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. Ekspertlər və pediatrlar bildirirlər ki, bu cür hallar təəssüf ki, ölkəmizdə nadir deyil. Hər il bir çox valideyn təcili tibbi yardım göstərmək əvəzinə, evdə və ya səhv üsullarla körpələrinə müdaxilə edir. Bu, uşaqların sağlamlığı üçün böyük risk yaradır.
Unutmayaq ki, körpə və uşaq sağlamlığının qorunmasında əsas məsuliyyət valideynlərindir. Uşağın hərarəti, qusması, ishalı kimi simptomlar vaxtında peşəkar həkimə müraciət etməyi tələb edir. Ərzaq sodası, xalq təbabəti və ya digər qeyri-peşəkar müdaxilələr bəzən faciəvi nəticələrə səbəb olur. Uşağın immun sisteminin zəif olması və körpə yaşının həssaslığı valideynləri hər hansı simptomda ehtiyatlı olmağa məcbur edir.
Pediatrlar valideynləri xəbərdar edir ki, uşaqlarda hərarət, qida zəhərlənməsi və ya digər kəskin hallarda təxirəsalınmaz tibbi yardım axtarın. Hər hansı səhv müdaxilə körpənin həyatını risk altına qoyur.
Uşaqların sağlamlığı və həyatı valideynlərin məlumatlılığı və məsuliyyəti ilə sıx bağlıdır. Maarifləndirmə, təlimlər və tibbi biliklərin artırılması hər bir ailə üçün həyati əhəmiyyət daşıyır. Valideynlərin savadlılığı artırılmasa, bu cür faciələr təəssüf ki, davam edəcək.
Leyla Mirzə, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.