AZ

Ceymi Vardi “Kremoneze” ilə müqavilə bağladı

Bu yay “Lester Siti”dən azad agent kimi ayrılmış 38 yaşlı ingilis hücumçu Ceymi Vardi bundan sonra “Kremoneze”də forma geyinəcək.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən xəbər verir.

Təcrübəli forvard yeni klubu ilə 1+1 illik müqaviləyə imza atıb.

Ceymi Vardi “Şeffild Uensdey”in yetirməsidir. Hücumçu, karyerası ərzində “Stoksbric Park Stilz”, “Halifaks Taun” və “Flitvud Taun”da çıxış edib. “Lester Siti” Vardini 2012-ci ilin iyul ayında 1,24 milyon avro məbləğ müqabilində “Flitvud Taun”dan heyətinə qatmışdı.

Vardi 13 il “tülkülər”in uğurları üçün çalışıb və bu klubun əfsanəsinə çevrilib. Veteran kapitanın “Lester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi 500 oyun, 200 qol, 71 məhsuldar ötürmədən ibarətdir.

Vardi 2015-ci ilin iyun ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 26 oyuna 7 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Ceymi Vardinin qənimətlər muzeyində “tülkülər”lə qazandığı İngiltərə Premyer Liqasında çempionluq (2015/2016), İngiltərə Kuboku (2021), İngiltərə Super Kuboku (2021/2022), həmçinin İngiltərə Çempionşipində qalibiyyət (2013/2014, 2023/2024) var. Həmçinin Vardi Premyer Liqanın 2015/2016-cı illər mövsümünün ən yaxşı oyunçusu seçilib, 2016-cı ildə isə İngiltərədə ilin oyunçusu elan edilib. 2019/2020-ci illər mövsümündə isə Ceymi Vardi 23 qolla Premyer Liqanın ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran hücumçunun transfer dəyərini 1 milyon avro məbləğində qiymətləndirir.

“Kremoneze” Marsel “Olimpik”inin hücumçusu Faris Mumbanyanı da heyətinə qatıb. A Seriyası təmsilçisi 25 yaşlı kamerunlu futbolçunu 2025/2026-cı illər mövsümünün sonunadək icarəyə götürüb. Klub bunun üçün Fransa nəhənginə 300 min avro ödəyib.

Faris Mumbanya Marsel “Olimpik”inə 2024-cü ilin qışında Norveç “Bodo Qlimt”indən 8 milyon avro qarşılığında keçib. O, Fransa klubunun heyətində 21 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Mumbanya 2023-cü ildə debüt etdiyi Kamerun yığmasının heyətində də 9 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
6
arena.az

1Mənbələr