21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Nihat Mehralıyev bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq.
Arena.az bu barədə “Şamaxı”nın mətbuat xidmətinə istinadən xəbər verir.
20 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalandığı diqqətə çatdırılıb.
Xatırladaq ki, Mehralıyev ötən mövsümü “Qarabağ”ın əvəzedici komandasında keçirib. O, Ağdam klubunun heyətində 20 qol vurub və Əvəzedicilər Liqasının bombardiri olub. U-21 millimizin üzvü həm bu komandada, həm də “Şamaxı”da Ayxan Abbasovun rəhbərliyi altında çıxış edəcək.
Nihat Mehralıyev daha öncə Ukraynada Odessa “Çernomorets”ində, Almaniyada “İsmaninq” və “Manxinq” kimi klubların aşağı yaş qrupları üzrə komandalarında forma geyinib.
“Şamaxı” bu yay Emil Süleymanov, Oruc Məmmədov, Həbib İsmayılov, Dioqo Balau, Karim Rossi, Sezar Henrike, David Tomas Dos Santos Oliveyra, Rikardo Apolinario, Bilal İsmayılov, Ravil Qafarov, Abdullahi Şuaybu, Səlim Həşimov, Sənan Muradlı, Antonio Laran, Davud Mənsumovu da transfer etmişdi.