AZ

Senne Lammens “Mançester Yunayted”ə keçdi, Sanço ayrıldı

Belçikanın “Antverpen” klubunun belçikalı qapıçısı Senne Lammens bundan sonra “Mançester Yunayted”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir.

“Qırmızı şeytanlar” bu transferi 21 milyon avroya rəsmiləşdiriblər. 23 yaşlı qolkiperlə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Senne Lammens “Brügge”nin yetirməsidir. “Antverpen” onu 2023-cü ilin yayında azad agent kimi heyətinə qatmışdı. Belçikalı qolkiper bu komandanın heyətində 103 oyuna çıxıb, 153 qol buraxıb, 19 matçda qapısını toxunulmaz saxlayıb. Lammensin hesabında 1 qol və 1 qol ötürməsi də var.

Lammens Belçikanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı qapıçının transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

Sanço yenə “Mançester Yunayted”ə lazım olmadı

“Mançester Yunayted” ingiltərəli sol cinah hücumçusu Ceydon Sançonu da “Aston Villa”ya icarəyə verib. 25 yaşlı futbolçu bu mövsümün sonunadək Birmingem klubunda icarədə olacaq. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Xatırladaq ki, Sanço 2024/2025-ci illər mövsümünü icarə əsasında “Çelsi” üçün keçirib. Sanço “zadəganalar” üçün meydana çıxdığı 41 oyunda 5 qol vurub, 10 məhsuldar ötürmə verib. Sanço “Çelsi” ilə 2024/2025-ci illər mövsümünün Konfrans Liqasını qazanıb.

Vaxtilə, yetirməsi olduğu “Mançester Siti”nin uğurları üçün çalışmış Ceydon Sanço “qırmızı şeytanlar”ın düşərgəsinə 2021-ci ilin iyul ayında 85 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından tamhüquqlu əsasda keçib. Çıxışı müddətində Sanço “qırmızı şeytanlar”ın heyətində 83 oyun keçirib, 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Ceydon “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) qazanıb.

Sanço 2018-ci ilin oktyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 23 oyun keçirib, 3 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 25 yaşlı ingilis hücumçunuun transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
6
arena.az

1Mənbələr