Əli Orucov: "Ağ Ev rəhbərinin dəyişən siyasəti Qərbi müdafiə xərclərini artırmağa, hərbi qüdrətini gücləndirməyə məcbur edir"
NATO-nun baş katibi Mark Rutte Lüksemburqda keçirilən mətbuat konfransında deyib ki, hətta Rusiya ilə birbaşa həmsərhəd olmayan ölkələr də Rusiyanın ən yeni raket texnologiyaları səbəbindən təhlükə altındadır.
Onun sözlərinə görə, rusların təhdidi hər gün artır.
“İndi hamımız təhlükəsizlikdəyik, Rusiyadan uzaq olduğumuzu düşünürük, amma xüsusilə Rusiyanın ən yeni raket texnologiyaları kontekstində təhlükəyə çox yaxınıq. Hazırda Litva ilə Lüksemburq, Haaqa və ya Madrid arasındakı fərq cəmi 5-10 dəqiqədir. Bu, Rusiyanın raketlərinin həmin Avropa bölgələrinə çatması üçün lazım olan zamandır”, - Rutte qeyd edib.
Bu təhlükə nə qədər realdır və NATO rəhbərini narahat edən hansı raket texnologiyası, hava hücumu vasitəsidir?
Yəqin ki, "Oreşnik" ("fındıq ağacı") raketinin yeni modifikasiyası NATO-nu təşvişə salır?
Baki-xeber.com nəşrinə məsələ barədə açıqlamasında politoloq Əli Orucov bildirdi ki, NATO-nun Rusiya təhlükəsi barədə narahatlığı başadüşüləndir - beynəlxalq ictimaiyyətin səylərinə rəğmən Moskva hələ də aqressiv ritorika və hədə dilində danışmağa davam edir: "Ukrayna-Rusiya müharibəsində ikincinin hücumlarını intensivləşdirməsi, daha uzaq hədəfləri vurması, xüsusən də mülki obyektlərə, enerji sektoruna dağıdıcı zərbələr endirməsi vahim bir mənzərə yaradıb. Son hücumlar zamanı Avropa İttifaqı ofisi, Azadlıq Radiosu redaksiyasının hava hücumları zamanı ciddi xəsarət görməsi, həmçinin Avropa İttifaqının yüksək rütbəli rəsmisinin təyyarəsinə elektron təxribat Moskvanın beynəlxalq sülhün təmin olunmasında başlıca maneələrdən biri olduğunu ortaya qoydu. Rusiyaya qarşı indiyədək tətbiq edilən sanksiyalar görünür öz müsbət nəticəsini vermir. Bu gün Rusiya, hətta, indiki zəif durumda olan iqtisadiyyatını hərbi iqtisadiyyata çevirib. Sürətlə raket texnalogiyalarını modernləşdirir ki, bu da nəticə etibarı ilə NATO-nun Avropa müttəfiqlərini risk altında qoyur. Avropanın müdafiəsini və xarici hərbi təsirlərdən qorumaq missiyasını uzun illərdi Birləşmiş Ştatlar öz üzərinə götürüb, bu sahəyə də diqqət yetirib. Ağ Ev rəhbərinin dəyişən siyasəti Qərbi müdafiə xərclərini artırmağa, hərbi qüdrətini gücləndirməyə məcbur edir".
Ekspert əlavə etdi ki, Putinin bir müddət əvvəl nüvə ailmləri ilə keçirilən görüşlərində verdiyi bəyanatlar xəfifə alınmamalıdır: "Moskva paralel olaraq nüvə potensialını da yenidən qurmağa start verir. Belə olan halda NATO ilk növbədə Avropa müttəfiqlərinin hava məkanını etibarlı qorumağa önəm verməlidir. Ukraynadakı Rusiyanın hava üstünlüyü müharibənin gedişinə təsirindən də ibrət götürülməlidir. Rusiyanın hüdudları bəlli olmayan ambisiyaları nə qədər ki mövcuddur, NATO və dünya özünü güvəndə hiss etməyəcək".
Ə.Orucov konkret olaraq Rusiyanın silah gəlişmələrindən söhbət açarkən bildirdi ki, NATO-nu narahat edən həm adi, həm də nüvə başlığı daşıya bilən "Oreşnik" supersonik raketləridir ki, onların əhatə dairəsi 5,5 min km-ya çatır: "“Oreşnik” (Oreşnik) hipersonik orta məsafəli (IRBM) ballistik raketinin (və ya eksperiment sistemi) texniki göstəricilərinə dair hazırda mövcud məlumatlar aşağıdakı kimidir: “Oreşnik” RS-26 “Rubej” raket sisteminin modifikasiyasıdır. Ukrayna kəşfiyyatı bildirir ki, raketin uçuş sürəti təxminən 13 600 km/saata çatır. Başqa mənbələrdə isə maksimum sürət 12 000 km/saat göstərilir. Raketin MIRV (çoxbaşıqlı) yük daşıdığı, 6 başlıqdan ibarət olduğu və hər birinin submunitsiya (kiçik parçalanan hissələr) ehtiva etdiyi bildirilir. “Oreşnik” yüksək sürəti və çoxbaşıqlı strukturu sayəsində Ukrayna hava müdafiə sistemləri üçün tutması çətin olan bir hədəf sayılır.
ABŞ və İsrail kimi ölkələrin qabaqcıl müdafiə sistemləri (məsələn, Arrow 3 və SM-3 Block 2A) bu raket tipinə qarşı nəzərdə tutulub.
ABŞ rəsmiləri “Oreşnik”i hələ də eksperimental mərhələdə sayır, istehsal sayının məhdud olduğuna işarə edirlər. Rusiya prezidentinin 1 avqust 2025-ci il tarixli çıxışına görə isə, raketin seriyalı istehsalı başlanıb və artıq hərbi qüvvələrə verilib.
İlk dəfə 21 noyabr 2024-cü ildə Ukraynanın Dnepr şəhərində vurulan raket, bir çox ekspertlər tərəfindən taktiki effektdən çox, təsirli psixoloji mesaj kimi qiymətləndirilir".
Akif NƏSİRLİ