BAKI, 4 sentyabr. TELEQRAF
İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" hərəkatına məxsus obyektlərə silsilə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidmətinin bəyanatında deyilir.
Bildirilir ki, hədəflərdən biri "Hizbullah"ın mühəndis texnikası anbarı olub. İsrail hərbçilərinin məlumatına görə, burada yerləşən texnikalar təşkilatın hərbi baxımdan “potensialının bərpası” və "terror fəaliyyətinin" həyata keçirilməsi üçün nəzərdə tutulub.
Bundan əlavə, Livanın cənubunda yerləşən Cibbin yaşayış məntəqəsi yaxınlığında "Hizbullah"ın raket qurğusu hücuma məruz qalıb.
"Zərbəyə məruz qalmış mühəndis texnikası və buraxılış qurğusunun mövcudluğu İsrail və Livan arasında atəşkəs razılaşmalarının pozulmasıdır. İsrail Müdafiə Qüvvələri İsrail dövləti qarşısında yaranan hər hansı təhdidləri aradan qaldırmağa davam edəcək", - SAXAL-ın bəyanatında deyilir.