BAKI, 4 sentyabr. TELEQRAF
Ukraynada Cənubi Koreya ssenarisinin reallaşması mümkündür, çünki Koreya müharibəsindən sonra heç bir həqiqi sülh müqaviləsi imzalanmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Le Point” nəşrinə verdiyi müsahibədə bildirib.
Ukraynada Koreya ssenarisinin reallaşıb-reallaşmayacağı barədə sualı cavablandırarkən Zelenski "hər şeyin mümkün olduğunu" söyləyib.
Onun fikrincə, rəsmi Seulun ABŞ-nin timsalında böyük müttəfiqi var və onlar Şimali Koreyaya Cənubi Koreyanı ələ keçirməyə imkan verməyəcəklər, lakin hər şey nisbidir və cənubi koreyalılar yenə də risk altındadırlar.
Prezidentin sözlərinə görə, Koreya Xalq Demokratik Respublikasında (KXDR) indiki rəhbərlik hakimiyyətdə qaldığı müddətdə Cənubi Koreya tam təhlükəsizlikdə olmayacaq. Bununla belə, bu ölkə təhlükəsizliyini təmin edən çoxsaylı hava hücumundan müdafiə sistemlərinə malikdir.
"Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri, məsələn, Cənubi Koreyanın malik olduğu “Patriot” sistemləri əldə etməkdə qətiyyətlidir", - Zelenski bildirib.
O əlavə edib ki, Cənubi Koreya modelinin təkrarlanması təhlükəsizlik baxımından Ukrayna üçün uyğun olmayacaq, lakin bu ölkənin iqtisadi modeli yaxşı nümunədir.