AZ

Bağçalarda niyə yer çatışmazlığı yaşanır?

Demək olar ki, hər il bu aylarda uşaq bağçalarında yerlərin az olması, uşaqların bağçalarda yer ala bilməməsi valideynlərin narazılığına səbəb olur.

Bağçalarda yer çatışmazlığının səbəb nədir? Qarşısının alınması istiqamərində hansı işlər görülməlidir?

Publika.az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Trend-in sorğusuna cavab verilib. Bildirilib ki, hazırda ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 38% təşkil edir.

"Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Hazırda ölkə ərazisində 1669 dövlət, 177 – özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Dövlət bağçalarının tutumu təxminən 119 min nəfərlikdir.

Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi tarixdən indiyədək 18 yeni bağça istifadəyə verilib. Mövcud müəssisələrin 334-ü Bakıda fəaliyyət göstərir, digərləri regionların payına düşür. Paytaxtda əhalinin məskunlaşma səviyyəsi yüksək olduğundan bağçalara qəbul zamanı müəyyən sıxlıq müşahidə olunur. Bunu aradan qaldırmaq üçün alternativ təhsil modellərindən uğurla istifadə olunur (icma əsaslı məktəbəqədər təhsil qrupları, özəl-dövlət tərəfdaşlığı ilə bağlı qrant layihəsi, ailə tipli təlim qrupları).

Alternativ modellərlə yanaşı, bağça infrastrukturunun genişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Növbəlilik və prioritetlik prinsipi əsasında məktəbəqədər təhsil müəssisələri inşa edilir", - məlumatda deyilir.

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Trend-ə bildirib ki, bağçalarda yer çatışmazlığı probleminin kökündə bir neçə mühüm amil dayanır.

“İlk olaraq qeyd etmək lazımdır ki, demoqrafik artım, xüsusilə də paytaxt və iri şəhərlərdə əhalinin sıxlaşması mövcud infrastrukturun tələbatı qarşılaya bilməməsinə səbəb olur. Digər tərəfdən, bir çox hallarda yeni yaşayış massivləri sürətlə tikilsə də, paralel olaraq məktəbəqədər təhsil müəssisələrinin inşası həmin sürəti tutmur. Nəticədə yeni yaranmış məhəllələrdə ailələr bağça problemi ilə üz-üzə qalır. Mövcud bağçalarda isə qrup sayı və pedaqoji heyətin çatışmazlığı yerlərin məhdud olmasına gətirib çıxarır.

Bu məsələnin qarşısını almaq üçün bir neçə istiqamətdə addımlar atılmalıdır. İlk növbədə, dövlət investisiyalarının yönəldildiyi layihələrdə hər yeni yaşayış kompleksinə paralel bağça və ibtidai məktəb tikintisinin məcburi şərt kimi tətbiq olunması vacibdir. Bununla yanaşı, özəl sektorun prosesə daha çox cəlb olunması zəruridir. Xarici təcrübədə gördüyümüz kimi, bağçaların bir hissəsi özəl müəssisələrin, bələdiyyələrin və hətta işəgötürənlərin üzərinə götürülür. Bu, dövlət yükünü azaldır və valideynlərin seçim imkanlarını genişləndirir”, - deyə ekspert əlavə edib.

Onun sözlərinə görə, daha bir vacib istiqamət isə modul tipli bağça modellərinin tətbiqidir:

“Dünyada uğurla işləyən bu sistemdə mobil, sürətlə quraşdırılan və az xərcli bağçalar xüsusi ilə əhali sıx olan ərazilərdə müvəqqəti çıxış yolu kimi istifadə edilir. Eyni zamanda, ev əsaslı məktəbəqədər təhsil proqramlarının inkişaf etdirilməsi də mühüm addım ola bilər. Məsələn, Skandinaviya ölkələrində və Kanadada müəllimlərin nəzarətində kiçik qruplar ev şəraitində tədris alır, bu da həm uşaqların sosial adaptasiyasına, həm də valideynlərin rahatlığına xidmət edir”.

“Statistikaya gəlincə, hər il minlərlə uşaq bağçaya qəbul ola bilmir və bu, təbii olaraq valideynlərdə narazılıq yaradır. Rəsmi rəqəmlərə görə, məktəbəqədər yaşlı uşaqların yalnız bir hissəsi dövlət bağçaları ilə əhatə olunur. Nəticədə, bir tərəfdən uşaqlar erkən sosiallaşma və təhsil imkanlarından məhrum qalır, digər tərəfdən valideynlər, xüsusilə işləyən analar üçün ciddi sosial çətinliklər yaranır.

Xarici praktikadan öyrənə biləcəyimiz əsas məqam ondan ibarətdir ki, bu problem yalnız dövlətin üzərinə qoyulmamalı, həm özəl sektor, həm də yerli icra strukturları məsuliyyət daşımalıdır. Azərbaycanda da belə bir model tətbiq olunarsa, həm valideyn narazılığı azalacaq, həm də məktəbəqədər təhsilin keyfiyyəti yüksələcək”,- deyə Ə.Həsənli vurğulayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov isə Trend-ə bildirib ki, Azərbaycanda məktəbəqədər təhsil sahəsində ən ciddi problemlərdən biri bağçalarda yer çatışmazlığıdır:

Seçilən
91
6
publika.az

7Mənbələr