AZ

Ançelotti Neymarı milliyə çağırmamasının səbəbini açıqladı

BAKI, 4 sentyabr. TELEQRAF

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Çili və Boliviya ilə DÇ-2026-nın seçmə oyunlarına Neymarı çağırmamasının səbəbini izah edib.

Teleqraf xəbər verir ki, 66 yaşlı italyalı mütəxəssis bunun zədə ilə bağlı deyil, sadəcə forvardın istədiyi formada olmaması ilə bağlı alınan qərar olduğunu bildirib.

“Neymarın istedadı ilə heç kim mübahisə edə bilməz. Amma biz hər şeydən əvvəl onun fiziki durumunu və digər oyunçuların vəziyyətinə baxırıq. Neymarın özü də düzgün qeyd etdiyi kimi, məsələ zədələrdə deyil, onun fiziki formasındadır. İstedadı var, amma rəqabət çox yüksəkdir, ən azı 70 futbolçu millidə yer almaq uğrunda mübarizə aparır. Biz intensiv oynamaq, müdafiədə sərt olmaq və topu sürətlə hərəkət etdirmək istəyirik. Heyət seçimini səhv etmək olmaz. Artıq dünya çempionatı üçün nəzərdə tutduğum komanda var. Ən böyük səhv 25 nəfərlik heyəti düzgün seçməmək olardı. Keyfiyyət var, amma ən vacibi komandanın gücüdür. Braziliya 24 ildir dünya çempionu olmur. Artıq vaxtıdır. Məsuliyyət çox böyükdür, amma bütün ölkənin motivasiyası da həlledici ola bilər".

Daha öncə “Santos”un hücumçusu bud əzələsində problemlərin olduğu bildirilmsə də, futbolçu özü vurğulayıb ki, onun heyətə çağırılmaması zədə ilə bağlı deyil.

Qeyd edək ki, Neymar milli komandanın heyətində 2023-cü ilin oktyabrından bəri oynamır. Həmin vaxt Uruqvayla matçda çarpaz bağlarını qopararaq təxminən bir illik sıradan çıxmışdı. Braziliya millisi sentyabrın 4-də Çili ilə evdə, sentyabrın 9-da isə səfərdə Boliviya ilə qarşılaşacaq. Ançelottinin komandası üçün bu oyunlar formal xarakter daşıyır, çünki dünya çempionatına vəsiqə artıq təmin olunub.

Seçilən
102
teleqraf.com

1Mənbələr