Sentyabrın 3-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev 2024/2025-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirib.
Redaktor.az xəbər verir ki, İmişli rayonunun Heydər Əliyev Mərkəzində baş tutan görüşdə icra başçısı ilə yanaşı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Mil-Muğan Regional Təhsil idarəsinin müdiri Bəhruz Nəbili, məktəb direktorları, məzunlar və onların valideynləri iştirak ediblər.
İcra başçısı yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik edib, tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıb.
Bildirib ki, “Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər Heydər Əliyev respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır.
RİH başçısı qeyd edib ki, həmin qayğı bu gün də özünü göstərməkdədir. Heydər Əliyev siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək “Neft kapitalını insan kapitalına çevirək” devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. Dövlət başçısının təhsil sahəsinin inkişafı naminə atdığı addımlar, müxtəlif illərdə qəbul olunmuş Dövlət Proqramları bir daha sübut edir ki, bu gün təhsil sahəsinə qoyulan investisiya Azərbaycanın gələcək inkişafına qoyulan investisiyadır.
Tədbir zamanı çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Məzunlar onlara bəslənən ümidləri əməli işləri ilə cavab verəcəklərini, elmin sirlərinə dərindən yiyələnərək vətənimiz üçün layiqli mütəxəssislər olacaqlarını bildiriblər.
Sonda qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb, həmçinin RİH başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.