Lakin bu müsahibədən dərhal sonra Rusiya ərazisindən Azərbaycan əleyhinə koordinasiyalı informasiya kampaniyası başlandı. Prezidentin tarixi faktlara əsaslanan mövqeyi bilərəkdən təhrif olundu, ölkəmiz əsassız şəkildə “gərginlik yaradan tərəf” kimi təqdim edildi.
Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının bəyanatında vurğulanır ki, televiziyalardan tutmuş sosial şəbəkə platformalarına qədər geniş əhatədə aparılan bu cəhdlərin hamısı tamamilə əsassızdır və Azərbaycanın ictimai rəyinə təsir etmək iqtidarında deyil. Saxta profillər, bot şəbəkələri və hətta Azərbaycandakı sosial media seqmentinə yönəlik hədəfli reklamlar hibrid müharibənin klassik metodlarını xatırladır. Dövlət qurumlarının koordinasiyalı fəaliyyəti və kibertəhlükəsizlik tədbirləri nəticəsində təxribatçı kontentin qarşısı sürətlə alındı. Bu, həm siyasi, həm də texnoloji müstəvidə ölkəmizin yüksək hazırlıq səviyyəsini bir daha sübut edir.
Azərbaycanın geosiyasi xəritədə güclənməsi, xüsusilə Zəngəzur dəhlizi kimi strateji layihələrin reallaşması regionda yeni əməkdaşlıq mühiti yaradır. Bu reallıqdan narahat olan qüvvələr ölkəmizin mövqeyini sarsıtmaq üçün informasiya hücumlarına əl atırlar. Lakin Azərbaycan cəmiyyəti vahid mövqeyə malikdir və xarici təxribatların təsiri altına düşmür.
Azərbaycan dəyişməz bir prinsipə sadiqdir: suverenlik və ərazi bütövlüyü müzakirə mövzusu deyil. Prezident İlham Əliyevin müsahibəsi təkcə regional tərəfdaşlara deyil, bütün dünyaya açıq mesajdır — Azərbaycan sülhə və əməkdaşlığa hazırdır, lakin milli maraqlarını müdafiə etməkdə də qətiyyətlidir.
Bugünkü reallıq bir daha sübut edir ki, informasiya təhlükəsizliyi XXI əsrin əsas strateji çağırışlarından biridir. Azərbaycan dövləti bu çağırışa cavab vermək üçün həm siyasi iradəyə, həm də texnoloji imkanlara malikdir. Ən əsası, cəmiyyətin birliyi bu müdafiəni daha da gücləndirir.
Kimliyindən asılı olmayaraq, Azərbaycanın əleyhinə aparılan kampaniyalar iflasa məhkumdur. Bu hücumlar nə ölkəmizin beynəlxalq mövqeyini zəiflədə, nə də xalqımızın iradəsini sarsıda bilər. Əksinə, hər belə cəhd Azərbaycanın güclü, müstəqil və prinsipial dövlət kimi mövqeyini daha da möhkəmləndirir.
Cavanşir Feyziyev, Milli Məclisin deputatı
4 sentyabr 2025