"Qarabağ münaqişəsi" ifadəsinin dünya leksikonundan silinməsi və regionda davamlı sülhün, təhlükəsizliyin yaranması üçün yeni geosiyasi reallıqların formalaşdırılması bütün bunlar Azərbaycanın aktivinə yazılan böyük uğurlardır. Bəli, biz bu qələbələri qazanmışıq və bunu hünərli diplomatiyanın sayəsində əldə etmişik. Bu gün dünya Azərbaycana tam fərqli rakursdan yanaşır Lider kimi, ağıllı dövlət başçısı kimi, qətiyyətli, ədalətli və ləyaqətli bir siyasi xadimin milli strategiyası ilə irəliləyən, inkişaf edən, yüksələn bir ölkə kimi. Yeni dünya nizamına baxışda bu cür liderlərin nə qədər dəyərli olduğu, bu prosesin vacib şərtlərindən biridir.Siyasətdə dünyanın beyin mərkəzlərində baş verənləri izləmək, həmin mərkəzlərin təcrübəsindən yararlanmaq və eyni zamanda o mərkəzlərə siyasi töhfələrlə öz məharətini regionda ortaya qoymaq böyük bilik, intellekt, düşüncə və müdriklik tələb edir. İstər ABŞ-da, istər ŞƏT və Çində, istərsə də digər səfərlərdə baş verən hadisələr və İlham Əliyevə göstərilən münasibət illər öncə təməli qoyulmuş sistemli, fundamental diplomatiyanın bəhrəsidir. Bu, Vətən müharibəsindən sonra qazandığımız qələbənin siyasi çöhrəsidir. Bəli, biz öz dövlətimizin siyasi simasını elə səviyyəyə yüksəltmişik ki, bu gün həm region, həm də bəşəriyyət üçün inamlı, etibarlı və dəyərli bir nümunə formalaşıb. Bu, dövlətimizin dünyanın siyasi şərəf lövhəsində tutduğu yerdir. Həmin yeri qorumaq və yaşatmaq isə bütün vicdanlı vətəndaşların borcudur. Təəssüf ki, bu gün bəzi ölkələrin reallıqları qəbul etməyərək bizə münasibətdə böyük ədalətsizliklərə yol verməsi, ciddi qəbahətlərə imza atması, hələ də öz aləmlərində bizimlə təhdid dili ilə danışması indiki siyasi şəraiti dərk etməmələri və real vəziyyəti qiymətləndirməyi bacarmamaları ilə bağlıdır. Bu gün Rusiyadan bizə gələn təhdidlər tamamilə yanlış və perspektivsiz siyasi davranışlardır. Biz bilirik ki, siyasətdə əsas prinsip daimi düşmən və ya daimi dost anlayışının olmamasıdır. Siyasətdə daimi maraqlar mövcuddur və biz ölkəmizin daimi maraqlarının təhlükəsizliyini gələcək nəsillərə daşımaq üçün siyasi təməlimizi möhkəmlətmişik.
Sizin bu təməli zədələmək və ya tərpətmək haqqınız yoxdur. Sərsəm-sərsəm danışmaqdansa, toqquşmaları minimuma endirib, praktik əməkdaşlıq üçün yeni yollar açmaq lazımdır. İstər ölkə daxilindən, istərsə də xaricdən gələn təhdidlər bu gün sadəcə lokal xarakter daşıyır və dünya siyasətinin yeni mərhələsində bu lokallıq prinsipial dəyişikliklərə yol vermir. Xaricdən münasibətə görə ürəklənən daxili siyasətşünasların , şüurlusunun , şuursuzunun, sevinənlərin, kədərlənənlərin yadına salmaq istəyirəm ki, siz qığırdaq siyasətçi rolunu oynayırsınız. Qığırdaq siyasətçilərə sözüm budur: polad siyasətçiyə sizin çapınız yetmədi və yetməyəcək".
ALİM HÜSEYNLİ
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31