Müasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişafı və sosial medianın geniş yayılması insanların gündəlik həyat tərzinə, informasiya əldə etmək üsullarına, eləcə də sağlamlıqla bağlı qərarlarına ciddi təsir göstərməkdədir. Xüsusilə də, tibbi məlumatlar, o cümlədən dərman preparatlarının reklamları sosial şəbəkələr vasitəsilə geniş auditoriyaya asanlıqla çatdırılır.
E-saglam.az xəbər verir ki, son illərdə müşahidə olunan narahatedici tendensiyalardan biri də müxtəlif dərman vasitələrinin sosial şəbəkə istifadəçiləri tərəfindən reklam edilməsidir. Həkim resepti olmadan reklam edilən bu cür dərman vasitələrinin bəzən ciddi yan təsirləri və istifadəsinə əks göstərişlər olur. Bu cür reklamlar tez-tez qeyri-peşəkar şəxslər tərəfindən elmi əsaslar olmadan verilir və əhalidə yanlış təsəvvürlər formalaşdırır. Bu da insanların özlərini müalicə etmə hallarının artmasına səbəb olur.
AZƏRTAC-ın apardığı bu araşdırmada məqsəd ölkəmizdə həkim resepti olmadan reklam edilən dərman vasitələrinin sosial mediada və media subyektlərində təqdimolunma formalarını, bu prosesin ictimai sağlamlığa mümkün təsirlərini, eləcə də mövcud hüquqi çərçivənin effektivliyini analiz etməkdir.
Reklamına icazə verilən dərmanlar və qadağalar
Qanunvericiliyə görə, ölkəmizdə yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı, yəni Səhiyyə Nazirliyi tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət edildikdə, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşməyin zəruriliyi qeyd olunmalıdır.
Cari ildə “Reklam haqqında” Qanuna edilən dəyişikliklər bu sahədə sosial media influencerlərinin məsuliyyətini də artırıb. Artıq rəqəmsal platformalardakı reklamçılar (influencerlər) yayımladıqları reklamların doğruluğuna görə məsuliyyət daşıyırlar. Belə ki, bundan sonra hər bir influenser və ya bloger sosial media hesablarından etdiyi reklamlarda məcburi şəkildə “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydini əlavə etməlidir. Bundan başqa, influenserə özünün istifadə etmədiyi məhsulu “istifadə olunmuş” kimi göstərib, reklam etmək də qanunla qadağan edilib. Hər bir influenser VÖEN sahibi olmalı və hüquqi məlumatlarını qeyd etməlidir. Qanunu pozanlar üçün cərimələr nəzərdə tutulub.
Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) Media və kommunikasiya şöbəsindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, “Reklam haqqında” Qanunda bu məsələ tənzimlənib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na əsasən, ADRA açıq məkanda yerləşdirilən reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin “Reklam haqqında” Qanunun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür. O cümlədən agentlik reklamvericilərin, reklam istehsalçılarının, yaradıcılarının, agentlərinin və yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görür. “Nəzərinizə çatdırırıq ki, hazırda “Reklam haqqında” Qanuna əsasən, açıq məkanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına icazə verilir və qanunvericilik həmin reklamların məzmunu ilə bağlı tələbləri müəyyən edib. Belə ki, dərman vasitələrinin reklamlarında yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək, reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək, reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirmək, sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi və ya həkimə müraciət etməyin gərəksiz olması barədə təsəvvür yaratmaq, reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə, əlavə təsirlərin olmamasına təminat vermək və reklam edilən dərman vasitəsini bioloji aktiv qida məhsulu qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək qadağandır. Qeyd olunan tələblərə əməl edilməməsi reklam haqqında qanunvericiliyin pozulması deməkdir və bu zaman agentlik tərəfindən sözügedən reklamların yayımının dayandırılması istiqamətində zəruri tədbirlər görülür, eləcə də reklam yayıcıları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar”.
Nəzarət və cəza mexanizmləri
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə sektoruna ünvanladığımız sorğuya cavab olaraq bildirilib ki, agentlik dərman, tibb vasitələrinin və xidmətlərinin, habelə bioloji aktiv qida məhsullarının reklamına öz səlahiyyətləri daxilində dövlət nəzarətini həyata keçirir: “Belə ki, həmin əmtəələrin reklamında haqsız, qeyri-dəqiq, gizli reklamlara yol verilməsi hallarının araşdırılması agentliyin səlahiyyətlərindədir. Həmin sahədə dövlət nəzarəti daxil olmuş müraciətlərin araşdırılması formasında aparılır. Xüsusilə qeyd edilməlidir ki, bu sahədə agentlik tərəfindən müxtəlif istiqamətlərdə mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilir. Qeyd edək ki, cari ilin ötən müddəti ərzində qeyd olunan dərman vasitələrinin reklamı ilə əlaqədar agentliyin səlahiyyətlərinə aid iki müraciət daxil olub. Müraciətlərdən birinə qanunamüvafiq izahat verilməklə baxılıb, digəri təmin edilib. Açıq məkanda reklam istisna olmaqla, reklam qanunvericiliyinin tələblərinin pozulması halları ilə qarşılaşan istehlakçılar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər”.
Sorğuya cavabda, həmçinin “Reklam haqqında” Qanunda reklama dair ümumi və xüsusi tələblərin müəyyən edildiyi də xatırladılıb. Bildirilib ki, resept olmadan buraxılan dərman vasitələrinin, tibb vasitəsinin, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamvericisi reklam istehsalçısına və yayıcısına, rəqəmsal platforma təsirçisinə onların tələbi əsasında müvafiq sertifikatın, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin, dərman vasitəsindən istifadəyə dair təlimatın, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda isə müvafiq məlumat olan sənədin, mənşə sertifikatının, reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin sürətlərini təqdim edir. “Bundan əlavə, Azərbaycanda donor orqanların, hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Habelə kütləvi müalicəvi seanslarının, hipnoz metodlarının, psixi və bioenerji təsirlərinin müalicəvi xassələrinin reklamına da yol verilmir. Reklamverici təqdim etdiyi məlumatın məzmununa və həqiqiliyinə, reklam istehsalçısı reklamın “Reklam haqqında” Qanunun tələblərinə uyğun hazırlanmasına, reklam yayıcısı, rəqəmsal platforma təsirçisi reklamın həmin Qanunla müəyyən edilmiş yerdə, vaxtda, vasitələr və üsullarla yayımlanmasına görə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məcəllənin 428.4-cü maddəsində resept əsasında buraxılan dərman vasitələrinin, istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud tətbiqinə Səhiyyə Nazirliyi tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının, habelə bioloji aktiv qida məhsullarının dərman vasitəsi və müalicəvi xüsusiyyətlərə malik olmadığı haqqında məlumat verilmədən, “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, qeydiyyata alınmasını təsdiq edən qeydiyyat nömrəsi göstərilmədən, resept olmadan buraxılan dərman vasitələrinin qəbulunun və tibbi texnikadan istifadənin əlavə təsirlə müşayiət olunması, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi barədə məlumat verilmədən reklam edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulub. Bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı barədə məlumat verilmədən reklam edilməsi halları istisna olmaqla, qeyd edilən inzibati xətalar haqqında işlərə Səhiyyə Nazirliyi, bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı barədə məlumat verilmədən reklam edilməsinə münasibətdə isə inzibati xətalar haqqında işlərə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baxılır. İnzibati Xətalar Məcəlləsinin 428.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının (Daxili İşlər Nazirliyi) razılığı olmadan və ya nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi qaydaları pozulmaqla nəqliyyat vasitələrində reklamın yayılmasına görə inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi baxır.
Müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə (İXM, Maddə 428.7.1.) və “Reklam haqqında” Qanunun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə görə (İXM, Maddə 428.7.2.) inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri baxır. İnzibati xətalar haqqında işlər üzrə protokol “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində törədildikdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində törədildikdə Dənizkənarı Bulvar İdarəsi, Şuşa şəhərinin ərazisində törədildikdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və digər ərazilərdə törədildikdə Dövlət Reklam Agentliyi tərəfindən tərtib edilir”.
İnternet üzərindən sifariş, yoxsa apteklərdən alış?
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, “Dərman vasitələri haqqında” qanunvericiliyə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Vətəndaşlar müxtəlif internet səhifələrindən və ya sosial şəbəkələrdən onlayn şəkildə dərman vasitələri sifariş verməməli, müalicə həkiminin təyinatı əsasında dərman vasitələrini apteklərdən alıb, istifadə etməlidirlər. Həkimin təyinatı olmadan internet üzərindən sifariş verilən dərman vasitələrindən istifadə etmək tövsiyə olunmur. Çünki düzgün doza və istifadə qaydaları həkim tərəfindən müəyyən edilməlidir. Əks təqdirdə, düzgün istifadə olunmayan dərmanlar sağlamlığa ciddi zərər yetirə bilər. Yalnız dərman vasitələrinin pərakəndə satışı əczaçılıq fəaliyyətinə lisenziyası olan apteklərin rəsmi internet səhifəsindən dərman vasitələri sifariş oluna bilər. Bu zaman dərman vasitələrinin çatdırılması müvafiq saxlanma və daşınma şərtlərinə ciddi riayət edilməklə həyata keçirilməlidir: “Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, 2024-cü ilin yanvar ayından etibarən ölkə üzrə “Elektron Resept Sistemi” bütün tibb müəssisələrində mərhələli şəkildə tətbiq edilməyə başlanılıb. Səhiyyə Nazirliyi tərəfindən hazırlanan bu sistem tibbi məlumatların daha şəffaf, effektiv və əlçatan olmasına xidmət edərək, qeydiyyatsız, keyfiyyətsiz, istifadə müddəti bitmiş dərman vasitələrinin dövriyyəsini, eləcə də qanunsuz dərman satışını önləyərək, vətəndaşların istehlakçı hüquqlarının qorunmasını təmin edir”.
Vurğulanıb ki, dərman vasitələrinin dövriyyəsi zamanı reklam haqqında qanunvericiliyin pozulması zamanı İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə uyğun cəza tədbirləri nəzərdə tutulub. 428.4-cü maddədə bildirilir ki, həkim resepti əsasında buraxılan dərman vasitələrinin, istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, yaxud tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının, habelə bioloji fəallığa malik qida əlavələrinin dərman vasitəsi olmadığı, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulunun və tibbi texnikadan istifadənin əlavə təsirlə müşayiət olunması, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi barədə məlumat verilmədən reklam edilməsinə görə vəzifəli şəxslər 300 manatdan 500, hüquqi şəxslər 1000 manatdan 2 min manatadək məbləğdə cərimə edilirlər. 428.4-1-ci maddənin tələbinə əsasən, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500, vəzifəli şəxslər 800 manatdan 1000, hüquqi şəxslər 1000 manatdan 2 min manatadək məbləğdə cərimə edilirlər.
AEM vətəndaşlara tövsiyə edir ki, onlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda mərkəzin “Bir pəncərə” sektoru, Qaynar xətt - (012) 596 05 20, elektron poçt ([email protected]) və veb-sayt (www.pharma.az) vasitəsilə müraciət edə bilərlər. Daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir.
Dünya təcrübəsi və sağlamlığın təminatı
Dünya təcrübəsinə nəzər yetirdikdə görürük ki, bir sıra inkişaf etmiş ölkələr, xüsusilə Avropa İttifaqı dövlətləri və Böyük Britaniya reseptli dərmanların reklamına qəti qadağa qoymaqla, əhalinin yanlış məlumatlanmasının qarşısını almağa çalışır. Rusiyada reseptsiz dərmanların reklamına icazə verilir, lakin reklam məlumatları tərkib bələdçisi ilə uyğun olmalıdır, yəni reklam məzmunu dərman qutusundakı istifadə təlimatı ilə eynilik təşkil etməlidir.
Amerika Birləşmiş Ştatlarında reseptli dərmanların birbaşa istehlakçıya yönələn reklamı icazəli olsa da, reklamlar obyektiv və düzgün olmalı, risk və yan təsirləri gizlətməməli və istehlakçıları yanıltmamalıdır.
Azərbaycanda bu məsələdə seçilən hüquqi çərçivə sağlam və məqsədyönlüdür. 2025-ci ildə sosial media üzərindən yayılan reklamların daha sərt tənzimlənməsi istiqamətində atılan addımlar müsbət qiymətləndirilir. Qanunvericilik bazasının möhkəmləndirilməsi ilə yanaşı, vətəndaşların da bu məsələyə daha məsuliyyətlə yanaşması vacib hesab olunur. Ona görə də hər kəs dərmanları həkim resepti əsasında apteklərdən almağa üstünlük verməlidir. Bu, sağlamlığın təmin edilməsində mühüm rol oynayır.
E-saglam.az