AZ

Gənclər arasında "burnout" sindromu niyə geniş yayılır?

“Burnout”sindromu (tükənmişlik sindromu) müasir dövrün ən çox yayılan psixoloji problemlərindən biridir. Bu sindrom insanın uzunmüddətli stress, emosional gərginlik və davamlı yüklənmə nəticəsində həm fiziki, həm də zehni baxımdan özünü tamamilə tükənmiş hiss etməsi ilə xarakterizə olunur. Adətən iş həyatında rast gəlinən bu vəziyyət son illər tələbələr, müəllimlər, hətta orta məktəb şagirdləri arasında da müşahidə edilir.

“Burnout” sadəcə yorğunluq deyil bu, motivasiyanın azalması, işə və ya təhsilə marağın itməsi, özünü bacarıqsız və faydasız hiss etmə kimi dərin psixoloji narahatlıqlarla müşayiət olunur. 

Psixoloq Vəfa Əkbər Operativ Media-ya bu sindormun gənclər arasında daha çox yayılmağının səbəblərindən danışıb:

O bildirib ki, bu yaş dövründə gənclər özünü tapmaq, uğur qazanmaq və yaşıdlarından geri qalmaq qorxusu ilə üzləşirlər. Bu isə onların psixoloji yüklənməsinə səbəb olur:

"Bu dövrdə gənclər cəmiyyət tərəfindən təsdiqlənmək, uğur qazanmaq və özlərini sübut etmək istəyirlər. Müəyyən bir vaxtdan sonra təhsil bitir və gənclər artıq öz performanslarını və potensiallarını göstərməyə məcbur olurlar. Çox vaxt bu yaşda istirahətə vaxt ayrılmır, şəxsi ehtiyaclar ön plana çıxmır və enerji daim motivasiyalarla doldurulur. Bu isə məhsuldarlığın azalmasına və tükənmənin başlanmasına səbəb olur.

Eyni zamanda bu yaş qrupunda gələcək haqqında qeyri-müəyyənlik və qorxu hissi güclüdür. İqtisadi çətinliklər, sabit gəlirin olmaması, işsizlik və “hansı yolu seçməliyəm?” kimi suallar gənclərin davamlı psixoloji yüklənməsinə və təşvişli həyəcan pozuntusuna yol açır.

Rəqabət və özünü sübut etmək ehtiyacı daha da artır. Sosial şəbəkələrdə cəmiyyətdə ən yaxşı ifadə olunan mesajların tez-tez paylaşılması gəncləri real həyatda sıxır. “Daha uğurlu insanlar var, məndə isə alınmır” düşüncəsi narahatlığı artır və emosional tükənməyə səbəb olur.

Şəxsi sərhədlərin olmaması da bu halı gücləndirir. Xüsusilə texnologiya sayəsində iş və şəxsi həyat bir-birinə qarışır. Hər an əlçatan olmaq, istirahət edə bilməmək və istirahət zamanı bunu paylaşmaq ehtiyacı zehni yorğunluğu artırır və sosial tükənməyə yol açır".

Onun sözlərinə görə, burnoutun əsas göstəriciləri gənclərin həyatda məna axtarışını dayandırması, istəksizlik, mübahisələrdən uzaq durma və emosional boşluqdur:

"Bu vəziyyətdə onların ehtiyacı dəstəkdir – valideyndən, müəllimdən, psixoloqdan və s. Burnoutla mübarizə üçün realist gözləntilərə sahib olmaq, sağlam sərhədlər qoya bilmək və davamlı yox dayanıqlı bir çalışma modeli qurmaq vacibdir", - o, qeyd edib.

Psixoloq Fərqanə Mehamqızı Operativ Media-ya bildirib ki, universitetə qəbul olmaq gənclər üçün artıq sadə bir mərhələ deyil, əksinə ciddi bir mübarizədir:

"Universitetə qəbul olmaq artıq özü bir mübarizədir: ən yaxşı stipendiyanı qazanmaq, təhsil aldığı mühitdə ən yaxşılardan olmaq və s. Ümumiyyətlə təhsildən başlayaraq həm karyera, həm də ailə həyatında özünü göstərmək tendensiyası geniş yayılıb. Daha sonra isə təhsilinə uyğun iş tapmaq narahatlığı yaranır.

Maddi və iqtisadi çətinliklər də gənclərin üzərində əlavə təzyiq yaradır. “Niyə onda var, məndə yoxdur?” düşüncəsi çox yayılıb. Bundan başqa, ailənin və cəmiyyətin gözləntiləri də bu vəziyyətə təsir edir. Məsələn, “Filankəs bunu bacardı, sən niyə bacarmadın?” kimi ifadələr gənclərin üzərində əlavə təzyiq yaradır".

Psixoloq vurğulayır ki, emosional partlayışlar baş vermədən əvvəl insan əvvəlcə özünü dinləməli və özünə vaxt ayırmalıdır.

Şəfa Hüseynli

Seçilən
136
27
operativmedia.az

10Mənbələr