AZ

Şərt qoymalı tərəf: Rusiya deyil, Azərbaycandır - ÖZƏL

Moskva bildirib ki, əgər Azərbaycan Rusiya ilə barışmaq istəyirsə, Azərbaycanda həbsdə olan Rusiya vətəndaşlarını buraxmalıdır. Moskvanın "Azərbaycan barışmaq istəyirsə, rusiyalı məhbusları azad etsin" tələbi nə qədər real siyasi mesajdır və nə qədər təzyiq aləti funksiyasını daşıyır?

"Rusiyanın Azərbaycana hansı səviyyədə belə bir mesaj verdiyini və vermədiyini dəqiq söyləmək çətindir. Ancaq çox ciddi arqumentlər əsasında yaranmış münasibətləri təkcə bu faktorlarla düzəltmək mümkün deyil. Unutmayaq ki, Rusiyanın siyasi məhbus adlandırdığı və Azərbaycanda saxlanmış Rusiya vətəndaşları, Azərbaycanın ilk addımı deyil. Azərbaycan müəyyən addımlar atdıqdan sonra Rusiya bu vəziyyətə cavab verib. Yəni əvvəlcə Rusiya Azərbaycana düşmən münasibətini sərgilədi, göstərdi. Rusiyanın düşmən addımlarından sonra Azərbaycan məcbur olaraq öz addımlarını atdı.

Xüsusi vurğulamaq lazımdır ki, Rusiyanın Azərbaycanda həbs olunmuş media orqanlarının nümayəndələrinə dəfələrlə öncədən xəbərdarlıq edilmişdi. Onlara bildirildi ki, fəaliyyəti mövcud media qanunvericiliyinə uyğunlaşdırsınlar. Lakin onlar nəinki media qanununa uyğunlaşmadılar, üstəlik qanunsuz sahibkarlıq fəaliyyəti ilə də məşğul olmağa başladılar. Belə şəraitdə Azərbaycanın qanun çərçivəsində həmin Rusiya vətəndaşlarına qarşı tədbir görməkdən başqa çarəsi qalmadı.

Digər tərəfdən, hazırkı şəraitdə münasibətləri dəyişdirmək üçün şərt qoymalı tərəf varsa, o, Rusiya deyil. Şərt qoymalı tərəf Azərbaycandır. Çünki iki ölkənin münasibətlərində həm hüquqi, həm də siyasi öhdəlikləri Azərbaycan hər zaman ardıcıl yerinə yetirib. Bu münasibətlərin gərginləşməsi isə Rusiyanın bizim təyyarəmizə müdaxiləsindən sonra başladı. Əgər təyyarə hadisəsi birbaşa Rusiyanın addımı idi və münasibətləri gərginləşdirdisə, belə şəraitdə şərtlərlə çıxış etməli tərəf Azərbaycan ola bilər, Rusiya deyil. Ona görə də Rusiya tərəfinin belə bir şərtlə çıxış etməsi absurddur.

Bu şərt, yəni Rusiya vətəndaşları ilə bağlı qərar, məhkəmə orqanları tərəfindən veriləcək. Hazırkı şəraitdə isə Rusiya xüsusilə təyyarə hadisəsinin araşdırılmasında və bizim diaspor rəhbərlərinin təqib olunmasındakı qanunsuzluqlara hüquqi və siyasi qiymət verərək mövqeyini göstərməlidir. Yalnız bundan sonra münasibətlərin gələcəyi barədə danışmaq mümkündür."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
95
olaylar.az

1Mənbələr